Ukrayna müstəqil dövlət kimi mövcud olarsa, müharibə ehtimalı demək olar ki, həmişə olacaq.
Editor.az bildirir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. Onun sözlərinə görə, əksər ukraynalılar nəhayət ki, “indi çox da sevmədikləri böyük bir dövlətdə həyatın ölümdən daha yaxşı olduğunu başa düşəcəklər”.
O, həmçinin Ukrayna ilə yeni münaqişələrin baş verməsi ehtimalının 100 faiz olacağına inanır. “Ukraynanın mövcudluğu ukraynalılar üçün ölümcül təhlükədir. Tarixi Rusiya ərazilərində müstəqil dövlətin olması hərbi əməliyyatların bərpası üçün daimi səbəb olacaq.
Yeni döyüş ehtimalı qeyri-müəyyən müddətə davam edəcək. Demək olar ki, həmişə”, – Medvedev Telegram-da yazıb. Rusiyanın keçmiş prezidenti hesab edir ki, Ukraynanın Qərb ölkələri ilə imzaladığı təhlükəsizlik sazişlərindən asılı olmayaraq, yeni münaqişənin baş verməsi 100% ehtimalı var. Onun fikrincə, münaqişə Ukraynanın Avropa Birliyinə və ya NATO-ya daxil olmasına mane ola bilməyəcək. “Bu, on və ya əlli ildən sonra da baş verə bilər”, – Medvedev yazıb.
//Samir Qurbanov, Editor.az

