Dolların güclənməsi manata təsir etmir: Azərbaycan iqtisadiyyatının dayağı enerji ixracıdırbackend

Dolların güclənməsi manata təsir etmir: Azərbaycan iqtisadiyyatının dayağı enerji ixracıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qlobal maliyyə bazarlarında ABŞ dollarının möhkəmlənməsi müşahidə olunur. Bu prosesin isə hansı ölkələr üçün təhlükə, hansıları üçün isə fürsət yaratdığı maraq doğurur.

Bəs Azərbaycan manatı bu proseslərdən necə təsirlənir? Əgər ABŞ iqtisadi maraqları üçün belə dolların dəyərinin artması arzuolunan deyilsə, o zaman bu tendensiya nəyə xidmət edir?

Digər tərəfdən Azərbaycan manatının məzənnəsinə təsir edən əsas faktor — ölkəyə daxil olan valyuta axınıdır. Bu axının mənbəyi isə neftin ixrac qiymətidir. Bəs cari ildə neftin dünya bazarındakı dəyəri milli iqtisadi sabitliyimizi təmin etməyə kifayət edirmi?

Mövzu ilə bağlı suallarımızı cavablandıran iqtisadçı ekspert Pərviz Heydərov deyib ki, dolların möhkəmlənməsi əslində ABŞ üçün sərfəli deyil:

“Bu səbəbdən keçmiş Prezident Donald Tramp tez-tez Federal Ehtiyat Sisteminin (FED) siyasətini sərt şəkildə tənqid edirdi. ABŞ-ın tarif siyasətinin məqsədi dolların alıcılıq qabiliyyətini artırmaq deyil. Doğrudur, müəyyən iqtisadi amillər fonunda dolların dəyəri arta bilər, lakin bu prosesin Azərbaycan manatına birbaşa təsiri mümkün deyil.

Manatın məzənnəsi əsasən ölkəyə daxil olan valyuta həcmi ilə müəyyən olunur. Bu baxımdan, əsas amil Azərbaycanın enerji resurslarının — xüsusilə neftin — dünya bazarlarında satış qiymətidir”.

İqtisadçının sözlərinə görə, ilin birinci yarısında neftin orta ixrac qiyməti gözləntilərdən bir qədər yüksək olub:

“Bu tendensiyanın ilin ikinci yarısında da davam etməsi mümkündür. Qeyd edək ki, cari il üçün Azərbaycan hökuməti neftin ixrac qiymətini 70 ABŞ dolları səviyyəsində proqnozlaşdırıb ki, bu da kifayət qədər stabil və əlverişli göstəricidir.

Bunun nəticəsində, manat üçün hər hansı təhlükə yaranmayıb. Əksinə, ixrac qiymətinin gözləntiləri aşması iqtisadi sabitliyə əlavə güc verib. Bu isə göstərir ki, dolların dünya bazarında möhkəmlənməsi fonunda belə, milli valyutamız üçün risklər mövcud deyil”.

//Gülnarə Abasova, Editor.az