ABŞ prezidenti Donald Tramp bu həftə Moskvaya qarşı sanksiyalar tətbiq etməyi düşünür. O, Rusiya prezidenti Vladimir Putinin hərəkətlərindən və sülh danışıqlarının ləng tempindən məyusdur.
Editor.az bildirir ki, bu barədə “The Wall Street Journal” qəzeti Trampın məsələ ilə bağlı fikirləri ilə tanış olan insanlara istinadən məlumat yayıb. Nəşrin mənbələrinə görə, məhdudiyyətlər böyük ehtimalla yeni bank sanksiyalarını əhatə etməyəcək.
Bununla belə, 30 günlük atəşkəs də daxil olmaqla, danışıqlar masası arxasında güzəştlərə getməsi üçün Vladimir Putinə təzyiq göstərmək üçün başqa variantlar müzakirə olunur. Qəzetin mənbələri qeyd edib ki, Donald Tramp yeni sanksiyalar tətbiq etməmək qərarına da gələ bilər.
Qeyd edək ki, Donald Tramp bazar ertəsi Rusiya prezidenti Vladimir Putindən narazı olduğunu bildirib və əlavə edib ki, ona “nəsə olub”. Bu şərhə səbəb Rusiyanın bir gün əvvəl Ukrayna hədəflərinə zərbələr endirməsi olub. Tramp əlavə edib ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir.
//Samir Qurbanov, Editor.az