ABŞ prezidenti və vitse-prezident Donald Tramp və J.D. Vens keçmiş vitse-prezident Dik Çeyninin dəfn mərasiminə dəvət olunmayıblar. Tədbir 20 noyabrda Vaşinqtonda keçiriləcək.
Dəfn mərasimində iki keçmiş ABŞ prezidenti – Corc Buş və Co Bayden və dörd keçmiş vitse-prezident – Kamala Harris, Mayk Pens, Al Qor və Den Kveyl iştirak edəcək.
Respublikaçı və Demokrat siyasətçilər dəvətlidirlər. Dəfn mərasimində 1000-dən çox qonağın iştirakı gözlənilir. Anım mərasimi Vaşinqton Milli Katedralında keçiriləcək.
CNN-in məlumatına görə, Ağ Ev siyasətçinin ölümünə ehtiyatla reaksiya verib. Donald Tramp heç bir şərh verməyib və mətbuat katibi Kerolin Levitt sadəcə prezidentin Çeyninin ölümündən xəbərdar olduğunu bildirib.
Qeyd edək ki, Dik Çeyni 3 noyabrda 84 yaşında vəfat edib. O, 2001-ci ildən 2009-cu ilə qədər Corc Buşun dövründə vitse-prezident vəzifəsində çalışıb. Bundan əvvəl o, Müdafiə naziri, Ağ Evin aparat rəhbəri və Vayominqi təmsil edən konqresmen olub. 2016-cı il prezident seçkilərində Çeyni Donald Trampı dəstəkləsə də, 2022-ci ildə onu qorxaq və ABŞ üçün “böyük təhlükə” adlandırıb.
//Samir Qurbanov, Editor.az

