ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Amerikanı xilas etmək” adlı yeni kitab yazıb. Orada o, başqa şeylərlə yanaşı, “Meta” şirkətinin rəhbəri Mark Zukerberq haqqında da yazıb. Tramp onu 2020-ci il seçkilərində saxtakarlığa cəhddə günahlandırır.
Prezidentliyə namizəd biznesmeni “bu dəfə qeyri-qanuni iş görərsə” həbslə hədələyib.
Kitab sentyabrın 3-də çıxacaq. Lakin “Politico” bəzi çıxarışlar dərc edib. Onlardan birində Donald Tramp yazır ki, prezidentlik müddətinin sonunda Mark Zukerberq həyat yoldaşı Prissilla Çanla birlikdə Ağ Evə səfər edib. Eks-prezidentin sözlərinə görə, sahibkar “bacardığı qədər gözəl idi” və hələ o zaman o, “prezidentə qarşı sui-qəsd” hazırlayırdı. Sui-qəsd dedikdə, o, iş adamı və həyat yoldaşının 2020-ci ildə əyalət və yerli hökumətlərə 420 milyon dollar bağışladığını nəzərdə tutur. Sonra pul səslərin hesablanması və poçtla səsvermənin təşkili üçün yeni avadanlıqlara yönəldilib.
Respublikaçılar ianəyə qarşı çıxıblar. Onlar hesab edirdilər ki, sahibkar beləliklə seçkilərin gedişinə təsir etmək və Co Baydenin qələbəsini təmin etmək istəyir. Onlar bu pulu “Zuckerbucks” adlandırdılar. “Biz onu (Mark Zukerberq) yaxından izləyirik və əgər o, bu dəfə qeyri-qanuni bir iş görsə, 2024-cü il prezident seçkilərində saxtakarlıq edənlər kimi, ömrünün qalan hissəsini həbsxanada keçirəcək”, – Donald Tramp yazır.
//Samir Qurbanov, Editor.az