ABŞ prezidenti Donald Tramp martın 31-də Ağ Evdə jurnalistlərə deyib ki, ABŞ Şimali Koreya ilə əlaqə kanallarını saxlayır.
O etiraf edib ki, nə vaxtsa Şimali Koreya lideri Kim Çen Inla əlaqə yarada bilər. “Bizim əla münasibətimiz var. Bəli, ünsiyyət var” – Tramp deyib. “Bəli, bəlkə də nə vaxtsa nəsə edəcəyik”. İlk prezidentlik dövründə Tramp Kim Çen Ina “kiçik raket adamı” ləqəbi vermişdi: “Hər şey olduqca pis idi. Və sonra bir gün bizə zəng edib görüşmək istədiklərini dedilər. “Və biz görüşdük” deyən Tramp brifinqdə bildirib.
Xatırladaq ki, Donald Tramp prezident kimi ilk müddətində Kim Çen Inla üç dəfə görüşüb: 2018-ci ilin iyununda, 2019-cu ilin fevralında və 2019-cu ilin iyununda. İlk görüşdə birgə sənəd imzalanıb. Ona əsasən, KXDR ABŞ-ın təhlükəsizlik zəmanəti müqabilində nüvəsizləşdirmə öhdəliyi götürüb. Qalan görüşlər nəticəsiz başa çatıb.
//Samir Qurbanov, Editor.az