ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın mətbuat konfransında verdiyi açıqlamalara görə, altı ay ərzində Ukraynadakı münaqişəyə son qoyacağına ümid edir.
Editor.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. “Ümid edirəm ki, altı ay ərzində. Ümid edirəm ki, bu müddət ərzində bu mümkün olacaq”, – Tramp deyib.
Ağ evin yeni sahibinin sözlərinə görə, o, Rusiyanın NATO üzvünü “qapının astanasında” görmək istəməməsi ilə bağlı hisslərini başa düşür. Tramp həmçinin Co Baydeni Moskva ilə Kiyev arasında bütün tərəfləri qane edəcək “sövdələşməni” pozmaqda ittiham edib. O, Putinlə erkən görüş ehtimalını yüksək qiymətləndirib. Onun sözlərinə görə, görüş inauqurasiyadan sonra mümkün olacaq. Rusiya prezidenti də dekabr ayında ABŞ-ın yeni prezidenti ilə görüşməyə hazır olduğunu bildirmişdi. “Putinin görüşmək istədiyini bilirəm, amma 20-nə qədər bunu məqsədəuyğun hesab etmirəm”, – Tramp vurğulayıb.
//Samir Qurbanov, Editor.az