ABŞ administrasiyası Rusiya ilə Ukrayna arasında danışıqların uzanmayacağını gözləyir. Bunu Dövlət Departamentinin sözçüsü Temmi Bryus deyib.
Onun sözlərinə görə, prezident Donald Trampa və dövlət katibi Marko Rubioya “nəticə və vaxt qrafiki lazımdır”: “Bunun aylarla davam etməsinə və ya görüşlər xatirinə görüşlər keçirməsinə imkan verməmək istəyi var. Bu, bir il belə davam etməyəcək”, – xanım Bryus bildirib. Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, danışıqlarda irəliləyiş əldə olunarsa, “deməli işlər irəli gedir və vəziyyəti həqiqətən də dəyişmək olar”.
Bundan əvvəl ABC News telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ prezidenti Rusiya və Ukrayna arasında danışıqların gedişindən məyus olub və son günlər getdikcə münaqişə mövzusundan uzaqlaşıb. Nəşrin həmsöhbətlərinin fikrincə, Rusiyanın nizamlanma ilə bağlı memorandumunda “qeyri-məqbul” məqamlar var.
Xatırladaq ki, Rusiya və Ukrayna tərəfləri iyunun 2-də danışıqların ikinci raundunda təklif olunan memorandumları müzakirə ediblər.
//Samir Qurbanov, Editor.az