Xüsusi prokuror Cek Smit ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2020-ci il prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinə müdaxilə cəhdləri ilə bağlı yeni ittiham aktını açıqlayıb.
Analoji işə artıq Vaşinqton məhkəməsində baxılır. Sənədin yeni variantında Trampın cinayət təqibindən qismən toxunulmazlığı nəzərə alınıb. CNN-in istinad etdiyi ittihamnamədə deyilir ki, Donald Tramp seçkidən sonra iki ay ərzində “nəticələrin saxtalaşdırıldığı və qalib gəldiyi barədə yalanlar yayıb”. Ümumilikdə, söhbət səsvermənin nəticələrinə qeyri-qanuni təsir göstərmək cəhdləri ilə bağlı dörd hesabdan gedir.
Əvvəlki versiyada da eyni ittihamlar var idi. Bununla belə, yeni versiyada (qismən toxunulmazlıq haqqında qərar nəzərə alınmaqla) prezidentdən çox, Trampa “prezidentliyə namizəd” kimi istinad edilir. Eks-prezidentin Ədliyyə Nazirliyinin nümayəndələri ilə seçkilərin nəticələrini müzakirə etməsi ilə bağlı məqamlar sənəddən çıxarılıb.
Donald Tramp işə baxılmasını şərh edərkən xüsusi prokurorun hərəkətlərini seçicilərin diqqətini yayındırmaq cəhdi adlandırıb. “Bu, sadəcə olaraq seçkilərə müdaxilə etmək və Amerika xalqını Kamala Harrisin ölkəmizə gətirəcəyi fəlakətlərdən yayındırmaq cəhdidir”, – deyə o, “Truth Social” sosial şəbəkəsində yazıb.
//Samir Qurbanov, Editor.az