Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, Rusiya Federasiyası müharibədə 500 minə yaxın, Ukrayna isə 400 minə yaxın əsgərini itirib.
NBC News telekanalına müsahibəsində siyasətçidən and içdikdən sonra Kiyevin Amerika yardımının azaldılmasına hazır olub-olmaması barədə sual verilib. O, qısaca cavab verib: “Bəlkə də”. Bundan sonra Tramp Avropa ölkələrini ABŞ-dan daha az pul xərclədikləri üçün yenidən qınayıb: “Rusiya ilə müharibə Avropa üçün bizdən daha vacibdir. Hamı üçün vacibdir, amma Avropa üçün bizdən daha vacibdir. Aramızda okean deyilən kiçik bir şey var”.
Jurnalist Trampa Ukraynadakı müharibəni cəmi 24 saat ərzində başa çatdırmaq vədini xatırladıb. Siyasətçi cavab verib ki, bunu etməyə çalışır. “Bacarsam, başa çatdırmağa çalışıram”, – o əlavə edib. Trampın sözlərinə görə, bu müharibədə insanlar “heç kimin görmədiyi səviyyədə” öldürülür. “Rusiya bəlkə də 500 min itirib. Ukrayna dediklərindən də çox, bəlkə də 400 min itirib. Biz çöllərdə yatan yüz minlərlə cəsəddən danışırıq. Bu, indiyə qədər gördüyüm ən axmaq şeydir və belə olmamalı idi”. Bayden bunu dayandırmalı idi”, – Donald Tramp vurğulayıb.
//Samir Qurbanov, Editor.az