Rusiya lideri Putin Donbasın adını çəkərkən şərqdəki iki böyük region, cənubda Mariupoldan şimal sərhədinə qədər uzanan Luqansk və Donetskini nəzərdə tutur. Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən sonra rus qüvvələri ərazinin üçdə birindən çoxunu işğal edib. Donbasda əhali əsasən rusdillidir və Rusiya tez-tez regionun qalan hissəsini də “xilas etməkdən” danışır. Bu bölgələrdə rus dilində daha çox danışıla bilər, lakin onların nə dərəcədə rusiyapərəst olması müzakirə mövzusudur.
“Mariupol Ukraynanın ən çox rusiyapərəst şəhərlərindən biri idi və mən bu şəhərin necə yerlə-yeksan edildiyini anlaya bilmirəm”, – Rochan Consulting-dən müdafiə üzrə ekspert Konrad Muzyka deyir.
Müharibə başlayandan bir ay sonra Rusiya Luqanskın 93%-ni və Donetskin 54%-ni ələ keçirdiyini iddia edir. Ukrayna lideri Volodimir Zelenski qeyd edib ki, aprelin 18-də Rusiya silahlı qüvvələri uzun müddətdir hazırlaşdıqları Donbas müharibəsinə başlayıblar. Amma Rusiya bütün regionu ələ keçirmək fikrindən uzaqdır və onlar qələbəni elan etsələr belə, bölgə nəzarəti əldə saxlamaq üçün çox böyükdür.
Putin tez-tez Ukraynanın şərqdə soyqırım törətməsi ilə bağlı əsassız ittihamlar səsləndirir. 2014-cü ildən bəri buradakı müharibədə 14 min insan həlak olub. Bunların dörddə üçü döyüşən qüvvələr idi və 420 km-lik döyüş xətti 2015-ci ildən bəri əhəmiyyətli dərəcədə dəyişməyib. Lakin Rusiyanın Kiyev ətrafındakı işğal cəhdləri uğursuzluğa düçar olanda Moskva diqqətini “ana məqsədə”, yəni “Donbasın azad edilməsinə” yönəltdi. Çox güman ki, Rusiyanın növbəti addımı Donbas və ətraf rayonları ilhaq etmək olacaq. Necə ki, Putin 2014-cü ildə Krımda saxta referendum keçirdi.
//Gülnarə Abasova, Editor.az

