Ukraynanın işğal edilmiş Donbas bölgəsi yaxınlığında səmada ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) RC-135V kəşfiyyat təyyarəsi müşahidə edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, təyyarə bu gün səhər saatlarında Yunanıstanın Krit adasındakı NATO aviabazasından havaya qalxıb. Ukraynanın hava məkanına daxil olaraq, “Donetsk” və “Luqansk respublikaları”nın sərhədləri yaxınlığında dövrə vurub.
Rus mənbələrinin iddiasına görə, bu tip Amerika kəşfiyyat təyyarələri artıq Ukraynanın cənub-şərqində və Qara dəniz regionunda dəfələrlə müşahidə edilib. Belə ki, dekabrın 15-də daha bir RC-135V Krım və Krasnodar istiqamətində – Rusiya sərhədləri yaxınlığında uçub.
Dekabrın 3-də ABŞ-ın kəşfiyyat təyyarələrinin Rusiya sərhədlərini pozmasının qarşısını almaq üçün Rusiyanın “Su-27” və “Su-30” qırıcılarının Qara dəniz üzərində uçuşlar həyata keçirdiyi barədə məlumat yayılıb.

