Binəqədi rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən şəxsin kimliyi məlum olub.
Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli məlumat verib.
O bildirib ki, “Hyundai” markalı avtomobilin yol kənarında dayanan sərnişin avtobusuna çırpılması nəticəsində bir nəfər həyatını itirib:
“Mirqafar Natiq oğlu Süleymanov idarə etdiyi 77-QE-239 dövlət nömrə nişanlı “Hundai” markalı avtomobil ilə yolun kənarında dayanmış sərnişin avtobusuna çırpılıb. Hadisə nəticəsində sürücü – Mirqafar Natiq oğlu Süleymanov vəfat edib. Faktla bağlı araşdırma aparılır”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən isə bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə mayın 30-da saat 09:20-də Binəqədi rayonu, 6-cı Mikrorayon, Svetlana Məmmədova küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar çağırış daxil olub. Hadisə yerində bir nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
Binəqədi rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən gəncin avtomobili icarəyə götürdüyü və dönərxanada köməkçi işlədiyi məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-yə mərhumun işlədiyi obyektin sahibi məlumat verib. Onun sözlərinə görə, sözügedən şəxsin 24 yaşı var idi və evin tək oğlu idi.
Hadisə şahidi bildirib ki, mərhumu maşından çıxarmağa cəhd etsələr də buna müvəffəq ola bilməyiblər:
“Səhər saatlarında güclü bir səs eşitdik. Avtomobildə sıxılıb qalan gənci çıxarmağa çalışaq da, alınmadı. Təcili tibbi yardım gəldi, dedilər ki, ilkin yardım göstərmək üçün sürücünü maşından çıxarmaq mütləqdir. Mən də dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) “102” qaynar xəttinə zəng etdim”.
Daha ətraflı süjetdə:
Bakı şəhəri, Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, bu barədə nazirliyin “112” qaynar telefon xəttinə çağırış daxil olub.
Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobili və “Temsa” markalı avtobus toqquşub və nəticədə bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan şəxsin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakı şəhəri, Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsində qeydə alınan hadisədə “Hyundai Elantra” markalı avtomobil ilə 05-AAU-107 dövlət nömrə nişanlı avtobus toqquşub.
Qəza nəticəsində avtomobil yararsız hala düşüb. Minik avtomobilinin sürücüsünün həlak olduğu bildirilir.
Hadisə yerinə polis və Fövqəladə Hadisələr Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.