Cənubi Qafqazda sülh gündəliyinin aktivləşməsi fonunda Azərbaycan və Ermənistan liderləri arasında diplomatik təmasların intensivləşməsi müşahidə olunur. Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra cəmi iki ay ərzində dörd dəfə bir araya gələn tərəflərin bu tempdə davam edən dialoqu regionda sabitlik baxımından yeni mərhələnin başlandığını göstərir. Analitiklərin fikrincə, bu dinamika həm regional, həm də qlobal güclərin diqqət mərkəzindədir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra keçən qısa müddətdə dörd dəfə görüş keçirilib:

“Bu görüşlər və təmaslar Şanxay Əməkdaşlıq Təşkilatının sammitində, Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən 7-ci zirvəsində, Müstəqil Dövlətlər Birliyi dövlət başçılarının Düşənbə toplantısında və nəhayət, 12 oktyabrda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində baş tutub. Hər bir tədbir zamanı iki dövlət başçısı fikir mübadiləsi aparmaq imkanı əldə edib”.
Azər Badamov hesab edir ki, ilin sonuna qədər yeni görüşlərin baş tutması istisna deyil və bu, sülh prosesinin davamlılığı baxımından müsbət tendensiyadır.
“Belə təmaslar həm iki ölkənin daxili siyasi gündəliyinin sabitləşməsinə, həm də xarici siyasətdə kəskin fikir ayrılıqlarının aradan qalxmasına şərait yaradır. Birbaşa dialoq vasitəsi ilə aparılan danışıqlar xarici təsirlərin azalmasına və regionda dayanıqlı sülhün bərqərar olmasına xidmət edir,” – millət vəkili vurğulayıb.
Deputat qeyd edib ki, Ermənistanda qarşıdan gələn seçkilər ərəfəsində Paşinyana qarşı formalaşdırılan daxili təzyiqlər fonunda sülh prosesində hər hansı mənfi jestin baş verməsi arzuolunan deyil: “ATƏT-in Minsk Qrupunun fəaliyyətinin tam dayandırılmasından sonra proseslər yeni mərhələyə qədəm qoyacaq. Ermənistan daxilində siyasi temperatur yüksəlir və bu, Paşinyan hökumətindən daha diqqətli və balanslı qərarlar tələb edir”.
Deputat həmçinin qeyd edib ki, Cənubi Qafqazda formalaşan yeni geosiyasi nizamda həm regional, həm də qlobal aktorların rolu xüsusi önəm daşıyır:
“Azərbaycan, Rusiya və İran liderlərinin son görüşü, Bakıda keçirilən üçtərəfli format, eləcə də Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin aktuallaşması fonunda regiona Avropa İttifaqı və ABŞ-ın marağının artması rəqabəti gücləndirir. Bu şəraitdə ağıllı, düşünülmüş qərarların qəbulu regionun gələcək sabitliyi üçün həlledici olacaq”.
//Gülnarə Abasova, Editor.az

