Dostluq və qardaşlıq imzası: “Şuşa Bəyannaməsi”- Səbuhi Abdullayev yazır…backend

Dostluq və qardaşlıq imzası: “Şuşa Bəyannaməsi”- Səbuhi Abdullayev yazır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üç il öncə Müzəffər Ordumuzun Şanlı Qələbəsinin simvolu olan Şuşa şəhərində Azərbaycan və Türkiyə qardaşlığının yeni mərhələsinin əsası qoyuldu-Şuşa Bəyannaməsi imzalandı. Bütün dünyaya ünvanlanan bu ismarıc müttəfiqlik münasibətlərinin geostrateji və geosiyasi əhəmiyyətinin göstəricisi oldu.

Şuşa Bəyannaməsinin imzalanması iki qardaş ölkə arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı olaraq inkişafını, müttəfiqlik münasibətini təmin edir. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik əlaqələri beynəlxalq müstəvidə birgə əməkdaşlıq,siyasət, təhsil, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Bununla da regionda sülhə və inteqrasiyaya yeni töfhə verir. Bəyannamə inteqrasiya proseslərini ciddi sürətdə stimullaşdırır, ölkəmizin beynəlxalq nüfuzunu günü gündən artırır. Bütün bunlar bölgəyə yeni sərmayə qoyuluşu və investisiya cəlbini artıran, ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirən bir açardır. “Şuşa Bəyannaməsi”nə əsasən regional əhəmiyyət daşıyan iqtisadi layihələr, hərbi əməkdaşlıq və digər bütün müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunun artmasına şərait yaradır. Qardaş ölkələr arasında bağlanan bu müqavilə əlaqələri daha yüksək səviyyəyə qaldırır.

Şuşa Bəyannaməsi xalqımızın tarixi köklərinə də dayanır, belə ki, bəyannamədə Mustafa Kamal Atatürk qardaş Azərbaycan haqqında dediyi fikirlər: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, eləcə də Ulu Öndər Heydər Əliyevin : “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamları bu qardaşlığı daha da möhkəmləndirir.
Torpaqların işğaldan azad olması ilə bərabər onun yenidən qurulması da vacib işlərdən biridir. Bu istiqamətdə də Türkiyə ilə olan sıx əməkdaşlıq çərçivəsində iqtisadi və geosiyasi əhəmiyyətə malik Zəngəzur dəhlizinin qurulmasıdır. Dəhlizin əhəmiyyəti təkcə ölkə daxili deyil, beynəlxalq istiqamətdə Şərqdən Qərbə uzanan böyük ticarət dəhlizinin əsasını təşkil edir. Türkiyə ilə Azərbaycan arasında birbaşa hava nəqliyyatından başqa avtomobil və dəmiryolu ilə ticarət dövriyyəsinin artırılması iqtisadi cəhətdən də əməkdaşlığın möhkəmlənməsinə gətirib çıxarır. İki ölkə arasında qarşılıqlı investisiya qoyuluşu iqtisadiyyatın sürətli inkişaf etməsinə, zəruri sahələrin davamlı genişləndirilməsinə, strateji cəhətdən təkmilləşdirilməsinə şərait yaradır.

İkinci Qarabağ müharibəsi ərzində pilotsuz uçuş aparatlarının əhəmiyyətli dərəcədə təsiri dünya miqyasında uğurla sınaqdan çıxmış bir proses olaraq hərb tarixində öz yerini göstərdi. Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının istehsal mərkəzinin inkişaf etdirilməsi üzrə Bəyannamədə olan bu razılaşma , gələcəkdə də ölkələr arası silahlı qüvvələrin qarşılıqlı əməkdaşlığı, bir-birilərinin təhlükəsizliyinin təminində mühüm rol oynacaq. Hərbi qurumların və güc strukturların yüksək səviyyəli qarşılıqlı əlaqələrinin olması, birlikdə fəaliyyət qabiliyyətinin artırılması , müasir texnologiyalara əsaslanan silahların idarə edilməsi ilə bağlı razılaşmalar əldə olunmuşdur.
Bəyannamənin Şuşada imzalanması xüsusi əhəmiyyət kəsb edir, belə ki, cənab prezident İlham Əliyev bu mövzudan bəhs edərkən vurğulamışdır ki: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”

Azərbaycan və Türkiyənin birlikdə gücünün artması, regionda söz sahibi olması, həm də açıq şəkildə ərazi bütövlüyünün qorunması zamanı göstəriləcək hərbi dəstəyin beynəlxalq ictimaiyyətə yayımlanması , güc göstərici olmaqla yanaşı revanşist qüvvələrə qarşı vacib mesajdır.

Bəyannamədən irəli gələn mühüm məsələlərdən biri də türk və Azərbaycan icmalarının xarici ölkələrdə fəaliyyəti, qarşılıqlı diplomatik əlaqələrin genişləndirilməsi və informasiya mübadiləsinin artırılmasıdır. Belə ki, qarşılıqlı əməkdaşlıq çərçivəsində birgə media platformasının yaradılması, informasiya sahəsində həmrəyliyin göstərilməsi, ikitərəfli əlaqələrə uyğun stateji məsələlərin birgə yayımlanması, kommunikasiyanın inkişaf etdirilməsi və diplomatiya sahəsində atılan addımların dəstəklənməsi vacib işlərdən hesab olunur.

“ELM” Gənclərin Sosial-intellektual inkişafına dəstək ictimai birliyinin sədri Səbuhi Abdullayev