Dövlət başçımızın işğaldan azad olunmuş torpaqlara tarixi səfərləri dünyaya bir mesajdırbackend

Dövlət başçımızın işğaldan azad olunmuş torpaqlara tarixi səfərləri dünyaya bir mesajdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

«Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında səfərdə olublar. Azərbaycan 28 ildən sonra Qarabağı işğaldan azad etdi, Qarabağa qayıtdı, Qarabağa sahibləndi. Bir daha Qarabağın onun olduğunu və bir daha bundan sonra kimsənin ona yiyələnə bilməyəcəyini göstərdi. Prezidentimizin «Qarabağ Azərbaycandır və nida» ifadəsi, eləcə də 44 günlük Vətən müharibəsində onun rəhbərliyi ilə Azərbaycan xalqının və Azərbaycan Ordusunun Qələbəsi bütün dünyaya göstərdi ki, biz bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Bu, dövlətimizin, xalqımızın, ordumuzun, milli birliyimizin Qələbəsidir. Bu, haqqın və ədalətin zəfər çalmasıdır.»

Bu fikirləri İkisahil.Tv-yə müsahibəsində Milli Məclisin deputatı Jalə Əliyeva bildirib.

Jalə Əliyeva qeyd edib ki, 30 illik yurd həsrətimiz, ürəklərimizdəki Qarabağ nisgili sona çatdı, yüzminlərlə məcburi köçkün qəribçilikdən qurtuldu. Bu möhtəşəm Qələbə bir daha onu göstərdi ki, Prezident İlham Əliyev xalqa verdiyi bütün vədlərə sadiqdir. Bu illərdə cənab İlham Əliyevin xüsusi nəzarəti, tapşırıqları, göstərişləri və təşəbbüsləri ilə təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən strukturlarda, ilk növbədə ordunun yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üçün gərgin, səmərəli və məqsədyönlü iş aparılıb. Azərbaycanın Cənubi Qafqazın ən qüdrətli ordusuna malik olduğunu yalnız yerli deyil, xarici mütəxəssislər də təsdiq edirlər. Reytinq agentliklərinin hesabatlarında Azərbaycan güclü orduya malik ölkələr sırasında yer alır. Ölkə vətəndaşları və beynəlxalq ictimaiyyət ordumuzda baş verən keyfiyyət dəyişikliklərini hərbi paradlarda da görmüşdülər. Təsdiq olunmuşdu ki, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan Ordusu arsenalını modern silah və hərbi texnika ilə zənginləşdirir, müasir döyüş imkanlarını uğurla mənimsəyir. Dövlət başçısı ölkəmizdə milli hərbi sənayenin əsasını qoydu və Prezident olduğu illər ərzində ölkənin hərbi qüdrətinin davamlı olaraq yüksəldilməsini təmin etdi. Azərbaycan dünyanın kosmik sənaye dövlətləri sırasına qoşuldu. Milli Ordumuz öz peşəkarlığına və hərbi-texniki təchizat səviyyəsinə görə dünyanın ən müasir və güclü orduları səviyyəsinə yüksəldi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu dünya hərb elminin səhifələrinə qızıl hərflərlə yazılan yüksək döyüş qabiliyyəti və ən müasir hərb taktikası və strategiyası nümayiş etdirdi. Şanlı ordumuz bir milyondan çox qaçqın və köçkünlərin doğma torpaqlarını işğaldan azad etdi, uzun illər ərzində sonu görünməyən bir münaqişə ocağında sülh yaratdı və hazırda da qaçqınların tezliklə öz evlərinə qayıtması üçün lazım olan bütün addımları atmaqdadır. Qaçqın və köçkün problemi qlobal problemdir. Dünyanın müxtəlif bölgələrində daimi yaşayış yerlərindən və öz ev-eşiyindən məhrum olmuş onmilyonlarla qaçqın və köçkünlər var. Dünya birliyi nə qədər onların problemini həll etməyə çalışsa da, bu say azalmır, əksinə, hər il bir qədər də artır. Azərbaycan Prezidenti isə dünyada heç bir dövlət başçısının edə bilmədiyi və yəqin ki, yaxın gələcəkdə də edə bilməyəcəyi bir qəhrəmanlığı etdi – bir milyondan çox qaçqın və məcburi köçkünün xəyallarını gerçəkliyə çevirdi. Prezident İlham Əliyev dünyanın ən böyük problemlərindən birinin həllinə əvəzsiz töhfə verdi. Dünyadakı çoxmilyonlu qaçqın ordusunun sayı bir milyon azaldı. Dövlətimizin başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı.  Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı. Və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Vətən müharibəsi onu da təsdiq etdi ki, işğalçı dövlət Azərbaycanla hərb meydanında mübarizə aparmağa qadir deyil. İşğal siyasətinin qurbanı olan Ermənistan 30 il əvvəl necə idisə, elə də qalıb və inkişaf baxımından bir addım belə irəliləyə bilməyib. Ermənistanın məğlubedilməz ordusunun olması barədə deyilənlər tamamilə əfsanə imiş. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi ilk gündən dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi.

J.Əliyeva diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin apardığı ardıcıl xarici siyasət nəticəsində ölkəmizin dövlət müstəqilliyi gücləndi, beynəlxalq nüfuzu artdı və Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutdu. Azərbaycan həqiqətləri dünya birliyinin ölkəmizə dəyişən münasibətində öz təsdiqini tapdı. Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün tam təmin edilməsinə nail olmaq Prezident İlham Əliyevin fəaliyyətində ana xətti təşkil edib. Həmişə milli maraqlardan çıxış edən dövlətimizin başçısı heç vaxt Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərində güc tətbiq etməklə Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal etməsi faktı ilə barışmayıb. Dövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin tarixi ədalət və beynəlxalq hüquq normaları çərçivəsində, yəni respublikamızın suverenliyinin və ərazi bütövlüyünün təmin olunması şərti ilə həllini tapması üçün mümkün olan hər şeyi edirdi. Prezident İlham Əliyev bu məqsədlə beynəlxalq platformalarda, siyasi müstəvidə Azərbaycanın ədalətli mövqeyini özünəməxsus diplomatik məharətlə əsaslandırırdı.

J.Əliyeva xüsusi olaraq diqqətə çatdırıb ki, Ali Baş Komandan, Prezident İlham Əliyev dağıdılmış Zəngilan məscidinin qarşısında çıxış edərkən bildirib ki, bizim bütün dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Dünya 30 il ərzində buna səssiz qalıb. Biz bu məsələni dəfələrlə qaldırmışdıq, beynəlxalq kürsülərdən qaldırmışdıq. Biz o videoları dəfələrlə göstərirdik. Ağdam məscidini, Şuşa məscidlərini, o vaxt işğal altında olan digər məscidlərin vəziyyətini göstərərək deyirdik ki, mənfur düşmən bizim dini abidələrimizi dağıdıb, təhqir edib. Dövlətimizin başçısı deyib ki, düşmən bizim dinimizi təhqir edib, bütün müsəlmanları təhqir edib. Bax, burada məscid olub, indi yoxdur, dağıdıblar. İndi bəziləri azad edilmiş torpaqlarda erməni xalqının dini irsi haqqında məsələ qaldırırlar. Bəs, bizim milli-dini irsimiz haqqında niyə heç kim məsələ qaldırmayıb?

Dağıdılmış məscidin önündə UNESCO-ya, Avropa Şurasına bir daha çağırış edən dövlətimizin başçısı deyib: «Yaxşı, məscidi dağıtmaq olar? Məscidi dağıtmaq, deməli, cinayət deyil? Bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu islamofobiya nə qədər davam edəcək? Bunu dağıdan erməni olub. Özündən mədəni millət obrazı yaratmağa çalışan və bəzi xarici himayədarları tərəfindən belə qəbul edilən mədəni adam bunu edər?».

Jalə Əliyeva əlavə edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlı və  Zəngilan rayonlarına səfəri zamanı bildirib ki, işğaldan azad olunan bütün torpaqlarımızda qısa müddət ərzində lazım olan bütün bərpa işləri nəzərdə tutulur. Xarici ekspertlər cəlb olunub, dəvət edilib, onlar bütün qiymətləndirmə işlərini aparacaqlar. Dövlətimizin başçısı deyib: «Videosənədlər, fotosənədlər toplanır, bütün dəymiş ziyan hesablanacaq. Bizim torpaqlarımız istismar edilirdi, təbii ehtiyatlarımız istismar edilirdi. Zəngilan rayonunda qızıl yatağı istismar edilirdi. Azad edilmiş digər ərazilərdə də həmçinin. Bütün bunların hesabını Ermənistan dövləti verəcək. Bununla paralel olaraq bütün bərpa işləri təmin ediləcək və biz bütün şəhər və qəsəbələrimizi, kəndlərimizi bərpa edəcəyik, insanlar buraya qayıdacaq və biz öz torpağımızda bundan sonra əbədi yaşayacağıq. Bundan sonra heç kim bizi öz torpağımızdan çıxara bilməz.»