6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;
“Dövlət müstəqilliyimizin ilk illərindən bəri xüsusən son 20 ildə Azərbaycanın bütün sahələrdə, həmçinin, insan potensialının inkişafında qazandığı uğurlar danılmaz həqiqətdir. Bu sırada gənc nəslin ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında fəal iştirakı və əldə etdiyi ciddi nailiyyətlər xüsusilə təqdirəlayiqdir. Təsadüfi deyil ki, müstəqil dövlətimizin qurucusu və milli inkişaf modelinin banisi Heydər Əliyev hələ uzun illər öncə Azərbaycan gəncliyinə çox yüksək dəyər verərək bildirirdi: “Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir…””.
Bu fikirləri Editor.az-a açıqlamasında gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi barədə görüləcək işlərə diqqət çəkən jurnalist Sevinc Paşayeva deyib.

O, Azərbaycan gəncliyinin potensialına və gələcəyinə güvənən Ulu Öndər Heydər Əliyevin uzun illər gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının yaradılmasını qarşıya məqsəd qoyduğunu və bunu təmin etdiyini bildirib:
” Ümummilli lider gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, şəxsi qabiliyyətlərinin inkişaf etdirilməsinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları imzalamaqla onların cəmiyyətin əsas hərəkətverici qüvvəsinə çevrilməsinə ciddi təkan vermişdi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə də ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoymaqla, öz inkişaf dinamikasını daha da sürətləndirmişdir. Dövlət başçısı tərəfindən gənclərin fiziki və mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, milli mənlik şüurunun formalaşdırılması istiqamətində verilən qərarlar Azərbaycanda hərtərəfli sağlam gənclik ordusunun yetişməsinə əsas yaratmışdır. Təhsil, idman, hərbi və digər sahələrdə gənclərə yaradılan şərait, verilən imtiyazlar onlara öz potensiallarını göstərmək imkanı vermiş, nəticədə Azərbaycan bir sıra dünya reytinq siyahılarında öncül sıralarda qərarlaşmışdır. Buna misal olaraq xüsusilə idman yarışlarında son onillikdə gənclərimizin əldə etdiyi nailiyyətləri vurğulamaq yerinə düşər. Azərbaycanın “Rio-2016” XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq bu göstəriciyə görə, 14-cü yerdə qərarlaşması, həmçinin, milli komandamızın ölkəmizdə yüksək səviyyədə keçirilən “Bakı-2015” I Avropa Oyunlarında ikinci, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutması dövlət gənclər siyasətinin tərkib hissəsi olmaqla, gənclərə göstərilən diqqət və qayğıdan irəli gələn amillərdir. Bundan başqa, Azərbaycanın hərbi gücünə görə dünya miqyasında 57-ci sırada qərarlaşması və Silahlı Qüvvələrimizin Cənubi Qafqazın ən güclü ordusu olması ilə bağlı “Global Firepower” hərbi portalının hazırladığı hesabat da gənclərimizin ökəmizin hərbi və siyasi cəhətdən qüdrətlənməsində necə bir rol oynadıqlarına əyani sübutdur.
Sevindirici haldır ki, bu gün əsasən gənclərdən təşkil olunan Ordumuzun sayəsində Azərbaycan öz suverenliyini tam bərpa edib, ərazi bütövlüyünə təhdid yaradan bütün kənar təsirləri neytrallaşdıra bilib. Sözsüz ki, bütün bunlara da ailə mühitindən başlayan sağlam təfəkkürlü və vətənpərvər gənclərin yetişdirilməsi sayəsində nail olunub. Azərbaycan ailələrində milli-mənəvi dəyərlərin üstün tutulması gənc nəslin tərbiyəsində və milli mənlik şüurunun inkişaf etdirilməsində mühüm rol oynayıb”.
S. Paşayevanın sözlərinə görə, torpaqları 30 ildən artıq işğal altında qalan Azərbaycan xalqını istər ailədə, istər cəmiyyətdə, istərsə də dövlət səviyyəsində düşündürən ən ümdə məsələ tarixi keçmişini yaxşı bilən, milli kimliyinə, dəyərlərinə sahib çıxmağı bacaran gənc nəsil yetişdirmək olub:
“Bu iş xüsusən ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrində zamanla daha böyük miqyas alıb, sağlam düşüncəli milli vətənpərvərlərimizin formalaşmasına yol açıb. Evdə valideynlərindən, məktəbdə müəllimlərindən Vətəni sevməyi öyrənən gənclər XXI əsr şanlı Azərbaycan tarixinin yazılmasında misilsiz qəhrəmanlıqlar göstərib. Təsadüfi deyil ki, Vətən müharibəsində 44 gün ərzində qəti qələbə qazanan Ordumuzun və onun igid əsgərlərinin şücaəti dillərdə dastan olub. Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşən Ordumuzun öz lideri ilə sıx həmrəyliyi dünyanı heyrətə gətirib. Son antiterror tədbirləri zamanı da gənclərimiz Vətənimizin bərpası uğrunda misilsiz şücaət göstəriblər. Mübaliğəsiz demək olar ki, yüksək dövlətçilik ənənələri və insan potensialı sarıdan indi Azərbaycan dünyanın bir sıra aparıcı ölkələri ilə müqayisə oluna bilər. Ona görə də bu gün sosial statusundan, ictimai-siyasi mövqeyindən asılı olmayaraq hər bir azərbaycanlının üzərinə düşən ən ümdə vəzifə uğurlarımızın qarantı olan ideoloji xətti inkişaf etdirməkdir.
Təbii ki, bu məsələdə informasiya resurslarının, xüsusən televiziya kanallarının üzərinə də böyük məsuliyyət düşür. Təəssüf ki, dövlət və ictimai televiziyalar istisna olmaqla biz əksər kanallarda vətənpərvərlik hissləri aşılayan proqramlara, tok-şoulara demək olar ki, rast gəlmirik. Ucuz şou göstərməklə reytinq qazanmağa üstünlük verən belə kanallar çox vaxt maarifləndirmə missiyası daşıdıqlarını unudurlar. İnsanların şüuruna daha tez və effektli təsir imkanları olduğu halda, bundan milli maraqlarımıza, azərbaycançılıq ideoloji xəttinə uyğun yararlanmaqda maraqlı görünmürlər. Təbii ki, bütün bu çatışmazlıqlar zamanla media ekspertləri və həssas tamaşaçılar tərəfindən dilə gətirilir. Təəssüf ki, bu iradlar müsbət həllini tapmır, insanların istəyi nəzərə alınmır. Amma mən bir media nümayəndəsi kimi çox arzu edirəm ki, televiziya peşəkarları öz potensiallarını daha çox milli-mənəvi dəyərlərimizin və azərbaycançılıq ideologiyasının möhkəmlənməsinə yönəltsinlər. Unutmayaq ki, möhkəm ideologiya güclü dövlət və güclü xalq deməkdir!”.
“Bizimyol.info” qəzetinin baş redaktoru Bahəddin Həzi Editor.az-a mövzu ilə bağlı açıqlama verib:

“Əvvəla, mən “gənc” sözünü işlətməzdim. “Yeni nəsil” deyərdim. Bura həm uşaqlar, yeniyetmələr, həm də cavanlar aiddir. Məncə, “gənc” əvəzinə “cavan” ifadəsini işlədərdim. Yeni nəsilin Vətən sevgisi haqda danışırıq. Sevgi hissdir. Xidmət – əməldir. Mən əvvəllər də demişəm: Vətəni dəlicəsinə sevə bilərsən, ancaq ona ağılla xidmət etmək lazımdır. Vətənə dəlicəsinə xidmət etmək, ağılla sevmək olmur. Ona görə də yeni nəsildə Vətənə sevgi hissi ilə yanaşı Vətənə xidmət bacarığı da aşılanmalıdır. İki cavan da əvvəlcə bir-birinə aşiq olur. Ancaq ağılın, məntiqin cızdığı yolla gedib ailə qurmaqla bu sevgini əmələ çevirir. Özlüyündə sevgi hələ hər şey demək deyil. Vətən sevgisi də olsa belə. Sevdiyinə qorumursansa, ya da qorumağı bacarmırsansa, o, necə bir sevgidir?! Təbii ki, Vətən sevgisi də, Vətənə xidmət də Vətəni tanımaqdan başlayır. Elə cavanlar var ki, hətta xəritədə Azərbaycanı göstərə bilmir. Dünyaca məşhur alim, böyük ziyalımız, professor Xudu Məmmədov deyirdi: “Yeni nəsillərə Vətəni sevdirməyə çalışmayın. Onlara Vətəni tanıdın, özləri sevəcəklər”. Vətəni tanımaq – tarixini, coğrafiyasını, ədəbiyyatını, mədəniyyətini, bugünkü siyasətini, gələcəyə dair təsəvvür və planlarını bilməlidir cavanlar. Necə bir gözəl ölkəsi, necə bir böyük milləti olduğunu biləndə, Vətəni dəlicəsinə aşiq olacaq və sevəcək. 44 günlük mübaribə zamanı könüllü olaraq döyüşməyə getmək istəyənlər kimlər idi?! “Könüllü” deyirik. Onlar Vətəni tanıyan və sevən – Vətənə könül vermiş cavanlardı. Onlardan şəhid olanlar da az deyil. Vətənə könül verməyən Vətən üçün can verməz. Döyüşə könülsüz gedən bədənini torpağa, ruhunu Allaha cani-könüldən bağışlamaz. Odur ki, cavanlar Vətəni sevməyə Vətəni tanımaqdan başlayacaq. Yeni nəsilə Vətəni tanıtmaq üçün müəyyən işlər görülür. Bunlardan biri könüllülər hərəkatıdır. Misal üçün, ASAN Xidmət könüllüləri – Vətəni sevənləri tapır, toplayır və onlara ASAN Xidmət məntəqələrində Vətənə xidmət öyrədir. Eləcə də, beynəlxalq yarışlarda da belə təcrübə var. Bunlar yaxşıdır. Amma azdır”.
B. Həzi bildirib ki, hərbi- vətənpərvərlik, sadəcə bir söz birləşməsi, gəlişi gözəl ifadə olaraq qalmamalıdır:
” Hərbi-vətənpərvərlik əlində silah Vətəni qorumaq deməkdir. Təkcə hiss deyil, həm də əməli nəzərdə tutursan. Vətəni qorumaq istəyən isə birinci silahı öyrənməkdən başlayacaq. Verilişlə, təbliğatla olmur bu iş. Onlar da olsun. Hərçənd varsa da, kifayət qədər deyil. Yeni nəsilə silahı öyrədəcəksən. Elə o verilişlərin içində bir rubrikada, ya da ayrıca teleproyektlərlə. Biz şagird olduğumuz dövrdə orta məktəblərdə hərbi hazırlıq dərsi vardı. Silahı söküb-yığmağı, silaha qulluq etməyi, silahdan dəqiq atəş açmağı öyrədirdilər. Universitetdə hərbi kafedralar vardı; tələbə oğlanlara o kafedrada hərbi dərslər keçib, imtahan verib ehtiyyatda olan zabit rütbəsi alırdı. Tələbə qızlar hərbi tibb bacıları kimi yetişdirilirdi. İndi hanı o məktəblərdə o hərbi dərslər? Yoxdur. Ləğv edilib. Hanı o hərbi kafedra ki universitetdə oxuyan oğlanlara nəinki avtomat silahdan, hətta tankdan, piyadaların döyüş maşınından, zirehli transpartyordan atəş açmağı, ümumiyyətlə, hərbi texnikadan istifadəni öyrədirdi. Silahla necə davranacağını bilməyən insan Vətəni ha sevsin. Nə faydası olacaq?! Heç özünü qoruya bilməyəcək, o da ola Vətən. Bu məsələlərə dövlət diqqət verməlidir. Ali Baş Komandan, müdafiə naziri, birlik, birləşmə, hissə, alay, tabor, tağım, bölük komandirləri döyüş əmri verə bilər. Döyüşmək əmri. Vətəni sevmək əmri verə bilməz. Sevmək əmrlə olmur. Vətəni sevmək könül məsələsidir. Könül isə, adətən, fərman dinləmir. Bu hiss lap körpəlikdən aşılanasıdır. Həm də şəxsi örnəklər, müsbət nümunələr əsasında. Şəxsi nümunə bəs kimdir?! Qəhrəman şəhidlər, fədakar qazilər və əlbəttə, qalib Silahlı Qüvvələrin Ali Baş Komandanı…”.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


