“Dövlət Proqramının icrası uğurla davam etdirilir”- Millət vəkilindən ŞƏRHbackend

“Dövlət Proqramının icrası uğurla davam etdirilir”- Millət vəkilindən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda sürətli şəkildə yenidənqurma və abadlıq işləri ilə yanaşı digər regionlarımızın da inkişafı istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyevin müəllifi olduğu regionların sosial iqtisadi inkişafını nəzərdə tutan 4-cü Dövlət Proqramının icrası uğurla davam etdirilir. Qarabağ və Şərqi Zəngəzurla yanaşı digər bölgələrdə aparılan işlərin nəticələri ilə tanış olmaq və nəzarət etmək məqsədilə, eləcə də yeni infrastruktur layihələrinin, müəssisə və sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etmək üçün Prezident cənab İlham Əliyev regionlara səfərlər edib. Prezident cənab İlham Əliyev 18 aprel tarixində Salyan və Neftçala rayonlarına səfər etdi. Salyanda “ASAN xidmət” mərkəzinin, Neftçala rayonunda balıqçılıq təsərrüfatının və bu rayonlarda bir sıra sosial obyektlərin açılışlarında iştirak etdi.

Ölkə başçımız Salyan şəhərində Azərbaycan Televiziyasına Azərbaycan dövlətinin iqtisadi cəhətdən dayanıqlı inkişafından, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərinin vəziyyətindən, eləcə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında ölkəmizin tutduğu mövqe barədə müsahibə verdi.

Ölkəmiz iqtisadi cəhətdən sürətlə inkişaf edir. Regionlarımızda ən müasir tipli xəstəxanalar, təhsil ocaqları inşa edilir, böyük istehsal müəssisələri yaradılaraq yeni iş yerləri açılır. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması dövlətimizin əsas prioritet məsələlərindən biridir. 30 il Ermənistan ərazilərimizi tamamilə dağıtmış, şəhər və kəndlərimizi yerlə yeksan etmişdir. Artıq bu torpaqların əsl sahibi olan azərbaycanlılar öz yurdlarına qayıdıb. Ölkə başçımızın da qeyd etdiyi kimi biz bu əraziləri yenidən ən müasir formada inşa etdikdən sonra bütün dünya bir daha azərbaycanlıların qurub yaradan bir xalq olduğunun şahidi olacaq. Əldə olunan iqtisadi göstəricilər də onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri daha sürətlə aparılacaq. Azərbaycanın iqtisadi gücünün artması ordumuzun da güclənməsi deməkdir. Bu gün Azərbaycan Ordusu 2020-ci ildə zəfər qazanmış ordumuzdan daha güclü və qüdrətlidir.
Keçmiş məcburi köçkünlərimizin öz doğma evlərinə qayıtmaları və yaşamaları üçün bütün şərait yaradılmış, sosial obyektlər, infrastruktur layihələr inşa edilmişdir. Ən böyük rayonlarlmızdan olan Laçın şəhərinin sakinləri bu ilin yay aylarında öz doğma ocaqlarına dönəcəklər. İşğaldan azad edilmiş Şuşa, Ağdam, Füzuli şəhərlərində də Baş plana uyğun işlər sürətlə davam etdirilir.

Ölkə başçımız müsahibəsində bir daha Azərbaycanın regionda sülhün bərqərar olması üçün Ermənistanla sülh müqaviləsi bağlamağa hazır olduğunu vurğuladı. İki dövlət arasında sülh sazişı Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında bağlanmalıdır. Bunun başqa alternativi yoxdur, çünki bu 5 əsas prinsip bütün beynəlxalq hüquq və sənədləri özündə ehtiva edir. Əslində Ermənistan Soçi və Praqa görüşlərində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmişdir. Təəssüf olsun ki, bu gün Ermənistanda revanşist qüvvələr sülh müqaviləsinin imzalanmasına böyük maneələr törədir. Bu revanşistlərə xaricdəki qüvvələr və bəzi ölkələr də himayədarlıq edir. Onlar 2020-ci ildə Azərbaycanın gücünü gördülər və bilməlidilər ki, törədiləcək təxribatlara Azərbaycan tərəfindən daha ciddi şəkildə cavab veriləcək. Prezident cənab İlham Əliyev Qarabağdakı separatçı tör-töküntülərə də son şans və xəbərdarlıq etdi. Onlar ya Azərbaycanın qanunları və bayrağı altında yaşayacaq, ya da Qarabağı tərk edib istədikləri yerdə gedib yaşaya bilərlər. Əminəm ki, separatçılar Prezident cənab İlham Əliyevin bu xəbərdarlığından nəticə çıxaracaqlar. Ölkə başçımızın vurğuladığı kimi “bizim səbrimizlə oynamaq olmaz”.

Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor