“İnformasiya üzərində döyüş başlanğıcdan bəri müharibənin bir tərkib hissəsi olub. Məsələn, Otto fon Bismark 1870-ci ildə bir teleqramın bildirilən mətnini manipulyasiya etməklə fransızları Prussiyaya qarşı çox əlverişsiz müharibə elanına təhrik edə bildi. Yaxud da 1905-ci ildə rus donanmasının komandiri kəşfiyyat məlumatlarını toplamaq və inkar etmək üçün uzun sürən döyüşə girdi. Yəni, informasiya savaşı düşməni dizə gətirməyin əsas hissəsidir. Çünki əldə etdiyin informasiya ilə onun güclü və zəif tərəflərinə bələd olur, taktikanı da ona uyğun formalaşdırmaq mümkün olur. İnformasiya müharibəsinin dəqiq hansı tapşırıqlardan ibarət olması, onları kimin yerinə yetirməsi və onların necə təşkil və sinxronizasiya edilməli olduğuna dair həmişə qeyri-müəyyənlik olub. Subyekt və obyektlərin konfidensial saxlanılması isə çox vaxt dövlətin əsas şərti və vəzifəsi olub”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq informasiya mübarizəsi prosesinə sistemli yanaşmaq, bununla kompleks şəkildə məşğul olmağın vacibliyinə diqqət çəkib:
“Eyni zamanda, dövlət qurumları arasında da koordinasiyalı və dəqiq fəaliyyət planı olmalıdır. Vətən müharibəsi zamanı heç düşünmədən deyə bilərik ki, ən ali dövlət orqanlarımız mükəmməl iş ortaya qoydu. Burada hökmən cənab Prezident İlham Əliyevin şəxsi liderlik keyfiyyətləri, bilik və bacarıqları vurğulanmalıdır. Dövlət hər nə qədər resursa və gücə sahib olsa da haqqı nahaqqın gözünün içinə dimdik baxaraq diktə etmək sonradan öyrənilən yox, məhz doğuşdan insana xas olan xüsusiyyətdir.
İnformasiya müharibəsi düşmənə mənfi təsir etməklə yanaşı, qərar qəbul etməyimizi və bu qərarı realizə edərək inandırmağımızı müsbət və hamar şəkildə asanlaşdırır. Bu baxımdan, xaricdəki diaspora qurumlarımız daha da aktiv olmalıdır.Düşmən lazımlı anda məlumat toplayır, onu təmin edir, uyğun bildikdə də inkar edir”.
Ş. Həsənova bildirib ki, psixoloji əməliyyatların bir hissəsi olan müxtəlif ünsiyyət vasitələri ilə də qalibiyyətə nail olmaq mümkündür:
“Burada hətta işə düşmənin özünü də cəlb edir, “düşmənin düşməni dostumdur” taktikasına da əl atırsan. Siyasətdə demək olar ki, hər şey mübahdır.Parlamentlərarası işçi qrupları arasında, beyin mərkəzləri arasında ünsiyyət qurmaqla, əməkdaşlıq etməklə, media qurumlarının daxildə və xaricdə müştərək vahid fəaliyyəti ilə də bu mümkündür. Təqdirəlayiq haldır ki, indi bir neçə dil bilən parlamentarilərimiz var. Səsimiz yüksək kürsülərdən eşidilir və media qurumları vasitəsilə çatdırılır. Bu imkanların birləşdirilməsinə nail olmaq həmişə çətin olub, lakin xüsusilə texniki və informasiya elementləri arasında da əlaqə qurulmalıdır. Dövr bunu tələb edir. Müxtəlif xarici media qurumlarına, nüfuzlu platformalara institusional və fərdi qaydada çıxışımız var. Lakin onu da qeyd etməliyik ki, görünməz, potensial düşmənlərimiz çox vaxt buna imkan vermir. Odur ki, döyüş bitməyib. Müsbət işlər çoxdur, amma daha da əzmli və çalışqan olmalıyıq”.
//Gülnarə Abasova, Editor.az

