İSTİQAMƏT: informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
“Son illərdə aparılan müşahidələrə əsasən dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin keyfiyyətində müsbətə doğru xeyli dəyişikliklər var”.
Bu fikirləri Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz Editor.az-a dövlət qurumları tərəfindən göstərilən elektron xidmətlər barədə açıqlamasında bildirib.
“Göstərilən elektron xidmətlərlə bağlı reqlamentlər, məlumatlar və xidmətin əldə olunması ilə bağlı informasiyalar “Elektron hökumət” portalında yerləşdirilir. Ümumiyyətlə, elektron xidmətlərin keyfiyyəti istiqamətində xeyli addımlar atılır. Lakin bu müxtəlif dövlət qurumlarının göstərdiyi xidmətə görə dəyişir. Bəzi dövlət qurumlarının verdiyi elektron xidmətlə bağlı vətəndaşlar problemlər yaşamaqda davam edir. Bəzən vətəndaş elektron xidməti əldə etmək üçün sayta daxil olanda prosesi sonacan başa çatdıra bilmir, və ya elektron xidmətin əldə edilməsi ilə bağlı kifayət qədər məlumatlandırılmır. Bəzən axtardığımız xidmət dövlət qurumunun saytında qeyd edilsə də, portalda tapa bilmirik. Bu kimi bir çox problemlər tezliklə aradan qaldırılmalıdır. Düşünürəm ki, insanların xeyli hissəsi smartfon istifadə edir və hökumət də bütün xidmətləri mobil texnologiyanın üzərinə gətirə bilər. Məsələn Ədliyyə Nazirliyi yüksək səviyyədə və çox asan istifadə edilə bilən “mobil “ həlli hazırlayıb. Eyni zamanda, Dövlət Gömrük Komitəsinin təqdim etdiyi “Smart customs” mobil xidmətindən də vətəndaşlar yüksək səviyyədə yararlana bilirlər. Bu kimi bir sıra dövlət qurumları bəzi məsələlərin mobil həllərini hazırlayıb və insanlar bundan istifadə edərək vaxta qənaət edir. Elə qurumlar da var ki, bu kimi problemlərə qətiyyən diqqət yetirmirlər. Kütləvi istifadənin olduğu dövlət qurumlarında mütləq şəkildə mobil tətbiq təşkil edilməlidir”.
Mövzu ilə bağlı Editor.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa göstərişi ilə “Elektron hökumət” layihəsi uzun illərdir, Azərbaycanda həyata keçirilir:
“İnformasiyaların bir mərkəzdən idarə olunması vətəndaşlara daha yaxşı xidmət göstərilməsi üçün elektron hökumət layihəsi daha da inkişaf etdirilir. Biz ilk olaraq “asan xidmət” modelini xüsusi diqqətə çəkməliyik. Bu, bir çox sosial xidmətləri bir arada vətəndaşlara təklif edən mərkəzdir. Bu gün əksər dövlət qurumlarının verdiyi xidmətlər vahid mərkəzdən idarə edilir. Bu, vətəndaşların vaxtına qənaətini və rahatlığını təmin edir. Xatırlayırsınızsa, 15 il bundan öncə bir sürücülük vəsiqəsini dəyişmək üçün günlərlə vaxt sərf olunurdusa, bu gün artıq lazımı sənədlərin təqdim edilməsindən sonra növbə əldə edərək ən gec yarım saat ərzində sürücülük vəsiqəsi əldə edilir. Eyni qayda şəxsiyyət vəsiqəsinin, ümumvətəndaş pasportunun əldə olunması və digər xidmətlərə də aiddir”.
Millət vəkilinin sözlərinə görə, vətəndaşlar “myGov” portalı vasitəsilə dövlət qurumları tərəfindən verilən məlumatlarla tanış olur, xidmətlərə elektron qaydada müraciət edə bilir:
“Hətta biz bu gün elektron etibarnaməni belə asanlıqla əldə edə bilirik. Bütün bu məlumatlar vahid mərkəzdən idarə olunur. Bir sözlə, bu gün hər bir Azərbaycan vətəndaşı özünəməxsus məlumatları asanlıqla bir mərkəzdən əldə edə bilər. Vətəndaşlara göstərilən xidmət səviyyəsinin artırılması ilə bağlı daim mühüm işlər görülür. Vətəndaşları narahat edən ciddi məsələlərdə biri internetin sürəti ilə bağlıdır. Xüsusilə pandemiya dönəmində ölkədə eyni anda əksər insanın internetə qoşulması nəticəsində bununla bağlı bir sıra problemlər ortaya çıxdı. Düşünürəm ki, çox vacib olan internet probleminin həlli ilə bağlı aiddiyyatı qurumlar tərəfindən tezliklə ciddi işlər görüləcək. Bu gün təhsil sahəsində də məktəblər və universitetlərlə bağlı bir çox məsələlər elektron qaydada həyata keçirilir. Lakin uşaq bağçalarına qəbul mərkəzləşdirilmiş sistemdə həyata keçirilmir və bu da müəyyən çətinliklərin yaranmasına gətirib çıxarır. Çalışmalıyıq ki, elektron hökumət bütün sahələri əhatə etsin və vətəndaş məmnunluğu maksimum səviyyəyə çatsın. Ümumilikdə isə Azərbaycan dövləti tərəfindən həyata keçirilən “Elektron hökumət” layihəsinin icrasını müsbət qiymətləndirirəm və ümid edirik ki, zamanla vətəndaşlara göstərilən elektron xidmətlərin sayı daha da genişləndiriləcək”.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.