“Dünya bazarında 2-3 faiz qiymət artımı Azərbaycanda 20-30 faiz bahalaşma ilə müşahidə edilir”- İqtisadçı alimdən AÇIQLAMAbackend

“Dünya bazarında 2-3 faiz qiymət artımı Azərbaycanda 20-30 faiz bahalaşma ilə müşahidə edilir”- İqtisadçı alimdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin ötən iclasında 2021-ci ilin hesabatını təqdim edən Baş nazir Əli Əsədov qlobal bazarda ərzaq bahalaşmasının Azərbaycana mümkün təsirlərindən danışıb. Baş nazir bildirib ki, ərzaq təhlükəsizliyinin təmini əsas vəzifələr sırasındadır. Ə.Əsədov qeyd edib ki, mövcud vəziyyəti nəzərə alaraq, kənd təsərrüfatı məhsullarının istehsalını artırmalı, idxaldan asılılığın azaldılmasına nail olmalıyıq: “Bunun üçün aqrar sektorun inkişafında əsaslı dönüş yaratmalıyıq. Kənd təsərrüfatı bizim üçün həm iqtisadi, həm sosial, həm də təhlükəsizlik məsələsidir.

Mövzu ilə əlaqədar Editor.az-a danışan iqtisadçı alim, sabiq millət vəkili Nazim Bəydəmirli  bildirib ki, qeyd olunan məsələlərlə bağlı hər il eyni sözlər təkrarlanır:

“Hər il deyildiyi kimi guya daxili istehsalı artırıb idxaldan aslılığı azaltmaq lazımdır. Bunu orta məktəbdə “iqtisadiyyatın əsasları”nı oxuyan şagirdlər də bilir. Başa düşülməlidir ki, aqrar sektor o zaman inkişaf edər ki,  ölkədə məmur sahibkarlığı yoxdur, əvəzində sağlam rəqabət mühiti, sahibkarların hüquq, vəzifə bərabərliyi mövcuddur. Hər dəfə dünya miqyasında 1-2 faiz qiymət artımı Azərbaycan 20-30 faiz bahalaşma ilə müşahidə edilir. Cəmiyyətə izah etmək lazımdır ki, niyə  qonşu ölkələrlə idxal olunan eyni məhsullar Azərbaycanda 50-60 faiz daha bahadır? Məlum məsələdir ki, gömrük orqanları  Azərbaycana idxal olunan məhsulların bəyannamə qiymətini öz diktələri ilə artıraraq sahibkarları “soyurlar” və onlar da həmin qiyməti  malın  maya dəyərinin üzərinə əlavə edir. Ona görə də ölkə bazarında qiymətlər bahalaşır.  Bazar isə məhduddur. Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olan Dövlət  Aqrar Ticarət Şirkətinin dövlət vəsaiti hesabına ticarətlə məşğul olması qeyri-qanunidir. “Antiinhisar fəaliyyəti haqqında” qanun bunu birbaşa qadağa edir. Qanunla dövlət qurumların MMC və ASC lər yaradaraq ticarətlə məşğul olmağı qadağandır”.

N. Bəydəmirli vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi iqtisadi cəhətdən ciddi narahatlıq doğurur:

” Çünki idxalımızın 14 faizindən çoxu Rusiya məhsullarıdır. Nəqliyyat- logistik problem yarandıqda məhsulların qiyməti artır. Eyni zamanda, Rusiya özündən aslı ölkələri daha da aslı hala salmaq üçün iqtisadi-ticari müharibələr aparır.  Məlumdur ki, 2022-ci ilə girəndən çörəyin,unun qiyməti bahalaşıb. Dünya bazarına 30 faiz  ixrac buğdası çıxaran Ukraynanın qara dəniz hövzəsində müharibə getdiyindən problemlər aktuallaşır. Buna görə də bizim kimi idxaldan aslı olan ölkələr qiymət bahalaşmasından əziyyət çəkir. Azərbaycan hökuməti uzun illərdir ki, taxıl idxalının Rusiyadan aslılığının fərqindədir və buna görə əvvəlcədən tədbirlər görülməli idi. Lakin Rusiya ilə ticarətdə taxıl fondu və digər qurumlar yüz milyonlarla dövlət vəsaitini mənimsəmə mexanizmi qurublar. Rusiyadan 4, 5-ci klass buğda gətirirlər və bunu daha da baha qiymətə qeydiyyata salaraq dövlət büdcəsini mənimsəyirlər. Burada ciddi problemlər daha da davam edəcək. Ancaq müharibənin yaratdığı bu problemlər bizim üçün bir fürsətə də çevrilə bilər. Rusiyada yaşayan  azərbaycanlıları geri qaytarmaq üçün dövlət proqramı tətbiq olunmalı və həmin vətəndaşların öz ölkəmizdə iqtisadi fəaliyyəti stimullaşdırılmalıdır. Azərbaycanın təbii iqlim şəraiti və imkanları buna imkan verir”.

//Gülnarə Abasova, Editor.az