Dünya birliyinə inteqrasiya: “Qalib Azərbaycanın diplomatiyası bundan sonra da yeni silsilə zəfərlər vəd edir”backend

Dünya birliyinə inteqrasiya: “Qalib Azərbaycanın diplomatiyası bundan sonra da yeni silsilə zəfərlər vəd edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

“Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasət bütün sahələrdə irəliləyişlərin əldə olunması ilə nəticələnib. Hələ müstəqilliyimizin yenidən bərpasından sonra, 1994-cü ildə əsrin müqaviləsinin imzalanması Azərbaycanın iqtisadi tərəfdaş kimi inkişaf etməsi üçün vacib addım idi. Ulu öndər Heydər Əliyevin zəngin təcrübəsinin sayəsində qısa zaman ərzində ölkəmiz dünya ölkələri arasında imzası olan dövlətə çevrildi. Beynəlxaq tərəfdaşlıq dövlət üçün bir ənənəyə çevrilmişdir. Bu ənənə bu gün də uğurla davam etdirilir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.

 

Millət vəkili bildirib ki, son bir neçə ildə paytaxt Bakı istər mədəniyyət, istər elm, istər idman, istərsə də digər sahələrdə böyük tədbirlərə ev sahibliyi edib:

“Bu tədbirlər Azərbaycan dövlətinin beynəlxalq səviyyədə hörmətlə qarşılanmasına işarə edir. Ölkəmizin beynəlxalq tərəfdaşlığı genişmiqyaslı tədbirlərlə məhdudlaşmır. Azərbaycan diplomatiyası nümunəvi və kifayət qədər uğurludur. Azərbaycan bir sıra dövlətlərlə müxtəlif sahələrdə əməkdaşlıqlar qurub. Azərbaycanın enerji siyasəti dünyada xüsusi rola malikdir və ölkəmiz xüsusilə Avropada enerji sahəsinin diversikisasiyası üçün mühüm tərəfdaşdır. Yalnız son illər ərzində enerji sahəsində görülən işlərə nəzər salsaq çoxsaylı işlərin görüldüyünü və görülən işlərin ölkəmizin inkişafına ciddi təkan verdiyinin şahidi olarıq”.

Ş. İsmayılov onu da qeyd edib ki, Azərbaycan dövlətinin 44 günlük Vətən müharibəsindən qalib çıxmasında buna qədər ölkənin hərtərəfli inkişafı, o cümlədən hərb sahəsində görülən işlər əsas amildir:

“Müharibəyə qədər ölkəmiz ikili standartlarla mübarizə aparır, tarixi boşluqlardan yaranan problemlərin həlli üçün hərtərəfli çalışırdı. Həyata keçirilən uğurlu daxili və xarici siyasətin sayəsində qələbə qazandıq. Bundan sonra isə qalib dövlət kimi qəbul edilirik. Hal-hazırda dünya ölkələri daha güclü Azərbaycanı görür, onunla əməkdaşlıq edir. Hökümət diplomatik əlaqələrin inkişaf etdirilməsini hər zaman önə çəkir. Təbii ki, paralal olaraq bir çox sahələrdə iş görülür. Müharibədən sonra qalib dövlət olan Azərbaycanın humanist addımları da dünya dövlətlərinin diqqətindən yayınmamışdır. Atılan humanist addımlara görə də təşəkkür almış və rəğbət qazanmışıq. Əminliklə deyə bilərik ki, qalib Azərbaycanın diplomatiyası bundan sonra da sürətlə inkişaf edəcək və ölkəmiz regionun lider dövləti kimi dünya birliyində söz sahibliyimizi qoruyacaqdır”.

Politoloq Şəbnəm Həsənova isə Editor.az-a açıqlamasında qeyd edib ki, beynəlxalq münasibətlər sistemində fundamental dəyişikliklər müşahidə olunduğundan dövlətlərin sahib olduqları güc kateqoriyaları və meyilləndiyi cəbhələr də daxil olmaqla, onların fəaliyyətinin üzə çıxdığı hər şey çox müxtəlifdir:

“Nüvə müharibəsi təhlükəsi fonunda hətta vəziyyət o qədər xaotik bir həddə çatıb ki, dövlətlərin güc atributlarının nədən ibarət olması və vəziyyətin daha kritik bir mərhələyə qədəm qoyacağı təqdirdə hansı dövlətlərin güclü-gücsüz kateqoriyasına daxil olduğu və aqibətləri haqqında qərar vermək çox çətin olub. Görünən bir məsələ dəqiqdir ki, milli təhlükəsizlik özündə sadəcə hərbi, iqtisadi, siyasi amilləri, hətta enerji məsələlərini deyil, indiki reallıqlar kontekstində hətta ən bəsit ehtiyacları da ehtiva edir. Beləliklə, bu cür çətin şəraitdə dövlətlərin müəyyən bir qrupunun beynəlxalq miqyasda necə davranacağına dair ümumi davranış nümunələri az, dövlətlərin tiplərində, onların sahib olduqları güc kateqoriyaları və arenalarda müxtəlifliklə yanaşı qeyri-müəyyənlik mövcuddur. Belə çətin şəraitdən çıxmağın potensial perspektivli yolu beynəlxalq hüquqa söykənərək konstruktiv marşrut üzrə irəliləməkdir. Beynəlxalq hüququn özü isə tarixi faktları tələb edir, onu irəli sürür. Bu mənada Azərbaycan məhz tarixi torpaqlarını, məhz beynəlxalq hüquq çərçivəsində işğaldan azad etdi. Bu baxımdan da dövlətimizin əldə etdiyi qələbə fundamentaldır, əsaslıdır və belə olduğundan onu yeni qələbələrə, əməkdaşlıq formatlarına, müttəfiqlik münasibətlərini dərinləşdirməyə imkan verir ki, bu amilin qarşısında heç bir regional və beynəlxalq aktor duruş gətirə bilmir. Heç kim inkar edə bilməz ki, regionun inkişafı baxımından Azərbaycanın, sadəcə, reaktiv deyil, həm də proaktiv diplomatiyası və onun iştirakı olmadan heç bir problem həll oluna, təşəbbüslər reallışdırıla, yeni səhifə açıla bilməz. Bu səbəbdən də dünyanın aparıcı aktorları və nüfuzlu təşkilatları Azərbaycanı Cənubi Qafqazda təhlükəsizliyin, stabilliyin qarantı bilir, çoxölçülür əməkdaşlıqlar platformaları yaradıb, inkişaf təmin etmək baxımından etibarlı tərəfdaş kimi görürlər. Bu uğurlar bölgədə yeni reallıqlar yaradan Azərbaycanın və onun müdrik, uzaqgörən Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Dünya siyasi təcrübəsi sübut edir ki, postmüharibə dövrünün ən çətin məsələlərindən biri müharibə dövrünün gətirmiş olduğu iqtisadi, sosial çətinliklərlə mübarizə aparmaq daxili siyasətdə höküumətin əsas vəzifələrindən biridirsə, xarici siyasətin qarşısında duran prioritet məsələlərdən biri isə əldə olunmuş zəfərin leqallaşdırılması, dünya birliyi tərəfindən qəbul edilməsi və bu birliyə inteqrasiya olmaqdır. Son iki əsrin empirik sınaqları məhz bu reallıqları təsdiqləyir”.

Ş. Həsənov bildirib ki, çoxvektorlu xarici siyasət dünya siyasətində mühüm rol oynayan, ölkə üçün praktiki maraq və əhəmiyyət kəsb edən, dövlətlərlə dostluğun dərinləşməsinə və ya proqnozlaşdırıla bilən münasibətlərin müəyyənləşdirilməsinə fokuslanır:

“Xarici siyasət konsepsiyasında çoxvektorlu dəst-xəttə üstünlük verən Azərbaycan dost ölkələrlə münasibətləri dərinləşdirir, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycana qarşı antitəfəkkürlü mövqe tutan qüvvələri isə stabilləşdirməklə mümkün zərərləri dəf edir. Bu zərurət strategiya olsa da, o, öz müstəqilliyini effektiv şəkildə qorumaq, onun sərhədlərində və daha uzaqda olan böyük dövlətlərlə münasibətlərini müzakirə etmək, səlahiyyətlər müəyyən etmək baxımından inkişaf etmişdir.
Azərbaycanın resurslarının təqdim etdiyi imkanlardan faydalanması birmənalı şəkildə müxtəlif cinahlar arasında siyasi eskalasiyanın artırılmasına deyil, tam əksi mümkün gərginliyin və təsirlərin stabilləşdirilməsinə istiqamətlənib. Dünya səviyyəli siyasətçi, mahir diplomat cənab Prezident İlham Əliyev çoxvektorlu xarici siyasətimizi əməkdaşlıq üzərində müəyyənləşdirmişdir ki, regional və qlobal aktorlar olmaqla  güc mərkəzləri arasında bu ən çox enerji siyasətimizə xas bir məsələdir. Bu baxımdan da dərinləşən ziddiyyətlər fonunda Avropa məkanında dövlət başçımız bildirdi ki, “biz nə əvvəllər, nə də indi öz qarşımıza Avropa bazarında Rusiya qazı ilə rəqabətə girmək kimi hədəf qoymamışıq”.

Politoloq vurğulayıb ki, Azərbaycan MDB, ATƏT, BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi təşkilatlarla yaxından əməkdaşlıq edir:

“120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsinin bariz təzahürüdür. Mövcud reallıqlar kontekstində bir çox dövlətlərin Qərb-Rusiya arasında cərəyan edən proseslərin nəticəsini öncədən proqnozlaşdıraraq adekvat addımlar atmağa çalışdığı bir zamanda dövlətimiz həm də Mərkəzi Asiya regionu ilə sıx əməkdaşlıq edir, bu dövlətlər üçün “Avropaya yeni pəncərə”yə çevrilir. Azərbaycan regionda və qlobal müstəvidə yeni dünya nizamının çağırışlarına dərhal və adekvat cavab verərək yeni təşəbbüslər irəli sürən ölkə olmaqla yanaşı, ədalətsizliyə biganə qalmayan, beynəlxalq hüququn aliliyi prinsipini rəhbər tutan ölkə olaraq beynəlxalq aləmin etibarlı tərəfdaşı kimi başqa ölkələrin təşəbbüslərinə də dəstək göstərir. Beynəlxalq münasibətlər sisteminin müxtəlif aktorları ilə qurulan münasibətlərin dərinləşdirilməsində və inkişafında Birinci vitse-Prezident Mehriban Əliyevanın müstəsna əməyi və xidmətləri mövcuddur. Vətən müharibəsi dövründə xalqımıza etdiyi hər müraciətdə Mehriban xanım Əliyeva bir daha sübut etdi ki, o xalqın yanındadır, içərisindədir və xoş gündə də, kədərli gündə də xalq onun dilindən səslənən sözləri yarasına məlhəm, dərdinə əlac, zəfərimizə isə əlavə olunan ruh yüksəkliyi kimi qəbul edir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu son illər ərzində mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə, realizə edilən layihələr və təşkil olunan tədbirlərlə mədəniyyət sahəsində əlaqələrin və xalqlararası təmasların inkişafına olduqca böyük töhfə verib. Mədəniyyət abidələrinin bərpası işlərinə Azərbaycan tərəfindən göstərilən dəstək ölkəmizin nüfuzunun daha da artmasına təsir edib. Aydın görünən reallıqdır ki, Azərbaycan Prezidenti İlham Əliyev konstruktiv bəyanatlarla, konkret addımlarla çox səliqəli və balanslı siyasət yürüdür, milli maraqlarımızı təmin etmək baxımından məharətlə və sistemli şəkildə çalışır. Odur ki, qalib Azərbaycanın diplomatiyası bundan sonra da yeni, silsilə zəfərlər vəd edir”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.