“Son günlər Yaxın Şərqdə baş verən proseslər onu deməyə əsas verir ki, İsrail-Fələstin qarşıdurması hər ötən gün yeni təhlükəli mərhələyə qədəm qoyur”.
Bu sözləri Editor.az-a İsrail-Fələstin münaqişəsi ilə bağlı şərh verərkən Trend BİA-nın direktor müavini, siyasi ekspert Sahil Kərimli deyib.

Onun sözlərinə görə, müharibə, hərbi əməliyyatlar daha böyük faciələrə səbəb olur: “Xüsusilə də dinc insanlar, yaşlılar, əliyalın uşaqların qətlə yetirilməsinin şahidi oluruq. Hərbi əməliyyatların aparıldığı yer insanların sıx yaşadığı ərazilərdir. Bu ərazilərdə mülki insanlar bombardmanlar nəticəsində dağıntılar altında qalır. Bu istiqamətdə həyata keçirilən əməliyyatlar zamanı dinc əhalinin həlak olmasının qarşısı birmənalı olaraq alınmalıdır. Lakin bununla bağlı dünya birliyinin çağırışlarına hələ ki məhəl qoyulmur.
Görünən odur ki, münaqişə hələ uzun müddət davam edəcək. HƏMAS və onun havadarları geri addım atmır, hərbi əməliyyatları davam etdirirlər. Bu isə bölgədə sülh və təhlükəsizliyə böyük zərbədir”.
//Səbinə Hüseynli, Editor.az

