Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra mətbuata bəyanat verib.
Ölkə başçısı bildirib ki, İkinci Qarabağ savaşından sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb: “Yəqin siz də görürsünüz ki, hər yerdə Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir.
Bu gün əziz Qardaşımın böyük heyətlə, hökumət nümayəndələri ilə burada olması bir daha onu göstərir ki, biz hər zaman olduğu kimi, bir yerdəyik və bir yerdə olacağıq. Bundan sonra bölgədə gedən işlər, əlbəttə ki, Türkiyə və Azərbaycanın fəal iştirakı və izni ilə aparılacaq. İstər siyasi təşəbbüslər, iqtisadiyyat, enerji, nəqliyyat – bütün bu sahələrdə bizim işbirliyimiz artıq regional çərçivədən çıxıb, beynəlxalq səviyyəyə qalxıbdır”.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Əkrəm Həsənov bildirdi ki, bu günə kimi Türkiyə daha çox regional iri dövlət kimi qəbul olunurdusa, son zamanlarda baş verən hadisələr onu göstərir ki, Türkiyə artıq qlobal oyunçudur:
“Azərbaycan Türkiyə təşəbbüslərində Türkiyə aparıcı rol oynayır. Türkiyənin rolu tək bizim regionda deyil həmçinin, Qərb ölkələri, Çin, Hindistan, Rusiya və b. sahələrdə müəyyən rola malikdir.
Hazırda dünya dərin iqtisadi böhranla qarşı-qarşıyadır. Ticarət sahəsində dərin enerji böhranı var. Türkiyə də bunun qarşısını almağa çalışır. Avropanın qaz problemləri və s. məsələləri bir çox hallarda Türkiyə Azərbaycanla birlikdə həll edir.
İki dövlət nəqliyyat, enerji sahələrində aparıcı ölkələr üçün əhəmiyyətli rola malikdir.
Azərbaycan da bu istiqamətdə olduqca fəallıq göstərir. Prezident İlham Əliyevin Orta Asiyaya getməsi əbəs deyil. Burada böyük iqtisadi məsələlərdən söhbət gedir”.
//Safura Bənnayeva,Editor.az

