“Dünya ictimaiyyətindən qovulmuş Rusiya və İranın planlar cızması özlərini qiymətə mindirmək cəhdindən başqa bir şey deyil. Məcburiyyətdən doğan müttəfiqliyin iki ölkəyə də xeyri ancaq onların daha da zəifləməsi ola bilər. Məsələ ondadır ki, bir-biriləri ilə müttəfiq olub Qərbə qarşı cəbhə almaq onsuz da zəif olan iqtisadiyyatlarının daha da yox olmasına səbəb olacaq. Qərb daha böyük sanksiyalarla hər iki ölkənin üstünə gedəcək”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Politoloq bildirib ki, Rusiya-İran münasibətləri iki imperiya maraqları olan ölkələrin gizli rəqabəti şəklində olub:
“Bir-birilərinə düşmən olmasalar da dost da olmayıblar. Aralarında bir müddət öncə Hörmüz boğazından adaların Birləşmiş Ərəb Əmirliklərinə məxsus olması ilə bağlı Rusiyanın atdığı addımla əlaqəli diplomatik kriz yaranmışdı. Misaldan da göründüyü kimi Rusiya lazım bildiyi halda müttəfiq hesab edilən İranın maraqlarının göz ardı edilməsindən belə çəkinmir. Bu baxımdan da hal-hazırda düşdükləri çıxılmaz durum onları bir-birilərinə “dayaq durmağa” vadar edir. Rusiyanın İran dronlarına, İranın da Yaxın Şərqdə Rusiyanın dəstəyinə ehtiyacı var. Yaddan çıxarmayaq ki, Rusiya prezidenti Putini Suriyaya girməyə İranın Amerika tərəfindən məhv edilmiş generalı Qasım Süleymanı inandırmışdı. Müttəfiqlik arxasında real niyyət durmursa, onun ömrü maraqlar bitənə kimi olur”.
//Gülnarə Abasova, Editor.az