ABŞ və İran arasında başlayan yeni dialoq mərhələsi təkcə iki ölkə arasındakı münasibətlərin deyil, bütövlükdə regionun geosiyasi arxitekturasının gələcək istiqamətini müəyyən edə biləcək mühüm proses kimi qiymətləndirilir. Mövcud reallıqlar göstərir ki, bu danışıqların nəticələri regional təhlükəsizlik, enerji bazarları və beynəlxalq güc balansı baxımından ciddi təsirlərə malik olacaq. Azərbaycan kimi region ölkələri üçün isə proseslərin diqqətlə izlənməsi və milli maraqlara uyğun təhlil olunması xüsusi əhəmiyyət daşıyır.
Politoloq Elçin Xalidbəyli Editor.az-a açıqlamasında qeyd edib ki, ABŞ və İran arasında danışıqların yeni mərhələdə başlaması onların yekun nəticələri ilə bağlı hələlik konkret proqnoz verməyə imkan yaratmır:

“Bu danışıqlar mahiyyət etibarilə qlobal miqyasda ciddi ziddiyyətlər doğuran mürəkkəb məzmun daşıyır. Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, prosesdə maraqlı tərəflərin sayı kifayət qədər çoxdur. Münaqişənin dayandırılmasını dəstəkləyən qüvvələrlə yanaşı, onun davamında maraqlı olan aktorlar da mövcuddur. Bu isə tərəflər arasında kəskin fikir ayrılıqlarını daha da dərinləşdirir.
ABŞ daxilində, xüsusilə də Tramp administrasiyası üzərində müxtəlif istiqamətlərdən ciddi təzyiqlər müşahidə olunur. Bu amil danışıqların qısa müddətdə yekunlaşmasını çətinləşdirir və prosesin uzunmüddətli xarakter ala biləcəyini göstərir.
Eyni zamanda vurğulanır ki, ABŞ İran tərəfinə sülhə nail olmaq məqsədilə 15 maddədən ibarət təkliflər paketi təqdim edib. Lakin rəsmi Tehran bu təklifləri qəbul etməyərək onları qəbuledilməz hesab etdiyini bəyan edib. Digər tərəfdən, İranın da öz şərtlər və təkliflər paketinə malik olduğu bildirilir, lakin Vaşinqtonun bu təşəbbüslərə reaksiyası hələlik aydın deyil.
Məhz bu qarşılıqlı ziddiyyətli yanaşmalar danışıqlar prosesini daha da mürəkkəbləşdirən əsas faktor kimi çıxış edir. Bu baxımdan, danışıqların uzun müddət davam etməsi ehtimalı yüksək qiymətləndirilir. Proses davam etdiyi dövrdə hərbi gərginliyin tam aradan qalxmayacağı da istisna edilmir ki, bu da Yaxın Şərqdə ümumi vəziyyətə birbaşa təsir göstərir”.
Politoloqun fikrincə, əgər tərəflər arasında sülh razılaşması əldə olunarsa, regionda yeni geosiyasi reallıqların formalaşması qaçılmaz olacaq:
“Əks halda, qarşıdurmanın davam etməsi qlobal enerji bazarlarında ciddi dalğalanmalara, bunun ardınca isə iqtisadi böhran risklərinin artmasına səbəb ola bilər. Belə bir ssenari isə daha geniş miqyasda sosial-iqtisadi və hətta siyasi problemlərin yaranmasına gətirib çıxara bilər.
Nəticə etibarilə qeyd olunur ki, hazırkı mərhələ sülh prosesinin ilkin fazasıdır və onun hansı şərtlərlə başa çatacağı, eləcə də nə qədər davam edəcəyi hələ də açıq qalan əsas suallar sırasındadır”.
//Gülnarə Abasova, Editor.az

