“Dünya siyasətinin istiqamətlənməsində TDT-nin böyük rolu var” – RƏYbackend

“Dünya siyasətinin istiqamətlənməsində TDT-nin böyük rolu var” – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünya siyasətinin istiqamətlənməsində Türk Dövlətləri Təşkilatının (TDT) böyük rolu var. Bizim məqsədimiz də regionda, dünya səviyyəsində tanınan və bütün dairələrə təsir etmə qabiliyyətində olan türk dövlətləri blokunun güclənməsindən ibarətdir. Bu gün, Ankarada keçirilən TDT-ın Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Azərbaycanın gündəliyində olan bir çox önəmli məsələlər dövlət başçısı tərəfindən səsləndirildi. Məsələn, Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimizin hüquqlarının bərpa edilməsi istiqamətində Azərbaycanın dünya birliyinə çağırışı və türk dövlətlərindən gözləntiləri əsas başlıqlardan biri oldu”.

Bu fikirləri “İnterpress.az”a açıqlamasında Türkiyədə yaşayan ictimai fəal, jurnalist Natiq Çıraqzadə bildirib.

Natiq Çıraqzadə, Zirvədə bu məsələ ilə bağlı dövlətimizin prioritetlərindən bəhs edib:

“Vaxtilə tarixi torpaqlarımızdan didərgin edilmiş azərbaycanlıların sülh yolu ilə qayıdışının Azərbaycan dövləti üçün prioritet olması, bizim bölgədə əmin-amanlıq və sabitliyə verdiyimiz töhfənin göstəricisidir. Azərbaycan liderinin, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına əsasən indiki Ermənistan ərazisindən zorla deportasiya edilmiş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün verifikasiya və zəmanət mexanizmi olan beynəlxalq razılaşmanın əldə olunması məsələsindəki israrı, beynəlxalq birliyin bir çox hallarda ədalətsiz mövqeyindən irəli gəlir. Hesab edirəm ki, türk dövlətlərinin bir çətir altında toplaşdıqları və günü-gündən güclənməkdə olan Türk Dövlətləri Təşkilatı, kökü min illərə uzanan qardaşlıq, beynəlxalq hüquq və tarixi ədalətin bərpası prinsipləri baxımından Azərbaycana öz səmimi dəstəyini ifadə edəcək”

İctimai fəal, Zirvə görüşündə təşkilata üzv ölkələrin dövlət başçılarının birgə qəbul etdiyi Ankara Bəyannaməsinin əhəmiyyətinə də toxunub:

“Görüşdə qəbul edilən Ankara Bəyannaməsində həm də ötən aylarda Azərbaycanın Tehrandakı Səfirliyinə edilən xain terror hücumu qınanıldı və dünyanın qabaqcıl təşkilatları, insan hüquqları institutları və beynəlxalq ictimaiyyətin diqqətini bu istiqamətə yönəldən bəyanatlar səsləndirildi. Bu, son zamanlarda yürütdüyü çirkin siyasətlə Azərbaycan Respublikasına qarşı açıq və gizli fəaliyyətini genişləndirən İrana qarşı birliyin sərt xəbərdarlığıdır”.