“Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərdən sonra ilk xarici səfəri Azərbaycana etməsi ölkələrimiz arasındakı dostluq və qardaşlığın göstəricisidir”.
Bu fikri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili Azərbaycan- Türkiyə münasibətlərinin tarixi köklərə malik olduğuna diqqət çəkib:
“Bu qardaşlıq tarixi sınaqlardan çıxmış, dahi liderlərin müdrik kəlamları üzərində qurulmuşdur. Bu gün prezidentlərimiz arasındakı möhkəm dostluq əlaqələri ölkələrarası münasibətləri yeni müstəviyə çıxardır. Belə ki, torpaqlarımızda 30 illik erməni işğalına son qoymağımızda qardaş Türkiyənin əvəzsiz rolu olmuşdur. Müharibə bitəndən sonra da işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, o cümlədən Qarabağa “Böyük Qayıdış”prosesinin başlamasında Türkiyə hər zaman yanımızdadır. Azərbaycan da Türkiyənin çətin günündə öz dəstəyini heç bir zaman əskik etməyib. Belə bir atalar sözü var: “Dar gündə qardaş qardaşdan soruşmadan yanında olmalıdır”. Belə ki bir neçə ay öncə əsrin ən böyük faciəsi olan Türkiyə zəlzələsi baş verəndə Azərbaycan dövləti və xalqı səfərbər olaraq bütün imkanları ilə türk xalqına dəstək verib. O cümlədən Şuşada keçirilməsi nəzərdə tutulan TDB-nin fövqəladə Zirvə toplantısı Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilmiş və orada mühüm qərarlar qəbul olunmuşdur. Həm də Türkiyədə keçirilən seçkilərdə Azərbaycan Türkiyənin qazandığı uğurları davam etdirməsi üçün öz mənəvi dəstəyini əsirgəməmişdir. Zəlzələdən dağılmış ərazilərdə bütün infrastrukturu ilə təmin olunmuş 1000 mənzillik şəhərciyin tikintisi təşəbbüsü ilə çıxış etmişdir. Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci ölkə yoxdur. Bu dostluq və qardaşlıq bir ürək, bir can və bir yumruğa çevrilib. Məhz birgə yumruğumuzun güclü olması dünyada səsimizin daha da yaxşı eşidilməsinə yol açır”.
//Gülnarə Abasova, Editor.az

