Dünyada baş verən proseslərin ölkəmizə MƏNFİ TƏSİRLƏRİ: Qiymət artımı və bahalaşma hələ davam edəcəkbackend

Dünyada baş verən proseslərin ölkəmizə MƏNFİ TƏSİRLƏRİ: Qiymət artımı və bahalaşma hələ davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baş verənlərin nələrə gətirib çıxaracağını proqnoz etmək çətindir. Söhbət təkcə rubldan getməli deyil, ümumilikdə dünya iqtisadiyyatında vəziyyət bir az da pisləşəcək və bizə ən çox təsir edən də məhz bu, olacaq. Əvvəlki dövrlərdə Rusiya ilə münaqişə və yaxud da daha dəqiq desək ziddiyyətlər ortaya çıxan zaman adətən neft və digər enerjidaşıyıcıları ucuzlaşırdı. İndi biz bunu müşahidə etmirik. Əksinə, neft bahalaşmaqda davam edir. Bu özü qlobal iqtisadiyyat üçün heç də yaxşı cəhət deyil. İlin ortasına doğru məsələn, ərzaq məhsullarının bahalaşması prosesinin dayanacağı gözləntisi var idi. Belə getsə bu, baş verməyə bilər. Üstəlik, ortada hələ müharibə ehtimalı da var”.

Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

 

İqtisadçı ekspert vəziyyətin olduqca ciddi və ciddi olduğu qədər də qeyri-müəyyən olduğunu hesab edir:

“Qərbin Rusiyaya qarşı sanksiyaları görək, nələrdən ibarət olacaq və bu məsələdə dünya ölkələri birlik göstərəcəklərmi ?! Bu sualların da cavabı məlum deyil. Bu münaqişədən daha çox hansı ölkələr qazanacaq və hansı ölkələr itirəcək – bəlli deyil. Yeri gəlmişkən, Rusiyanın dövlət gəlirlərinin əsasını enerji resurslarının xaricə satışı təşkil edir. Odur ki, Rusiya bu gün yaxşı gəlir götürür. Hazırda vəziyyət elədir ki, hansı ölkənin nə kimi büdcəyə malik olduğu və iqtisadiyyatının necə gücə malik olduğu kimi məsələlər birbaşa önəm daşımır. Rublu dəyərdə saxlayan həm də neft gəlirləridir. Qərb bu gəlirləri kəsməyə nail olacaqmı? ABŞ nəyə görə neftin qiymətini aşağı sala bilmir? Çünki ortada OPEC ölkələri var, əvvəlki illərdəki kimi diqtə işə işə keçmir”.

P. Heydərov qeyd edib ki, baş verən proseslər fonunda ölkəmizin hansı mənfi təsirlərə uğrayacağını gələcək göstərəcək:

“Bu gün ölkəmiz ən çox inflyasiyadan və bahalaşmadan əziyyət çəkir. Qiymət artımı və bahalaşma davam edir və bunun səbəbləri əvvəlkitək eyni qalır. Belə ki, sözügedən tendensiyanın qlobal miqyasda tüğyan etməsi, daxildə keçən il suyun və enerjidaşıyıcılarının tariflərinin qaldırılması və sair… Odur ki, infyasiyanın qarşısı alınmalı, qiymətlərin yüksəlməsi tempi və bahalaşma prosesi dayandırılmalıdır. Bunun üçün isə qlobal miqyasda da eyni tendensiya baş verməli, bir sıra məhsullar üzrə bazarlarda mövcud ajiotaj səngiməli və tələb ilə təklifin nisbətində balans yaranmalıdır. Əks təqdirdə, daxili bazarda istehlak qiymətləri indeksini təkbaşına cilovlamağımız mümkün olmayacaq”.

//Gülnarə Abasova, Editor.az