“Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri son Vyana toplantısından sonra yeni səviyyəyə qalxdı. Belə ki, Azərbaycan Prezidentinin Avropa İttifaqının müxtəlif ölkə rəhbərləri, liderləri ilə görüşməsi bir daha tərəflər arasındakı münasibətlərin bundan sonra da yüksələn templə inkişaf edəcəyinin göstəricisidir”.
Bunu Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Politoloq bildirib ki, son yarım ildə Azərbaycanla Rusiya arasında məlum təyyarə hadisəsindən sonra müəyyən soyuqluq müşahidə olunmaqdadır:
“Eyni zamanda, hazırda dünyada ciddi geopolitik dəyişmələr gedir. Belə ki, ABŞ son 4 ayda Rusiya ilə təmasları genişləndirib, artıq ölkə prezidentləri arasında üçüncü telefon danışığı həyata keçirilib. Bu da Avropa İttifaqı ölkələrində müəyyən əndişələr yaratmaqdadır. Bütün bunların hər biri Azərbaycan tərəfindən ciddi şəkildə izlənilir. Ancaq Azərbaycan özünün xarici siyasətini şaxələndirib, balanslı xarici siyasət yürüdür və öz maraqlarını qəti şəkildə müdafiə edir. Azərbaycan hazırda ABŞ-la da müəyyən münasibətləri var. ABŞ prezidentinin keçən ay Azərbaycan prezidentinə göndərdiyi məktubda da qarşılıqlı əlaqələrin ciddi şəkildə inkişafında maraqlı olduqları qeyd olunur. Azərbaycan Rusiya ilə də bir çox məsələləri müzakirə etməklə problemləri aradan qaldırır. Ona görə də bütün geopolitik güclər arasında ziddiyyətlərə baxmayaraq hesab edirəm ki, ölkəmiz bundan sonra da eyni ahənglə öz balanslaşdırılmış xarici siyasətini həyata keçirəcək və Azərbaycanın maraqları hər zamankı kimi üstün tutulacaq”.
//Gülnarə Abasova, Editor.az