Dünyada ərzaq böhranının əsas səbəbləri : Qiymət artımının qarşısını necə alaq?- Natiq Cəfərlidən AÇIQLAMAbackend

Dünyada ərzaq böhranının əsas səbəbləri : Qiymət artımının qarşısını necə alaq?- Natiq Cəfərlidən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada ərzaq çatışmazlığı üzrə böhranlı vəziyyət getdikcə artır. Xarici bazardan asılılığı olan Azərbaycanda da qiymət artımı müşahidə olunur.

Ərzaq bazarında qiymət artımında getdikcə dərinləşmə olacaqmı?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, dünyada ərzaq bazarında qıtlıq da, qiymət artımı da müşahidə olunur. Səbəblər həddindən artıq çoxdur:

“Əsas səbəblərdən biri 2020-ci ildə elan olunan pandemiyanın dünya ölkələri tərəfindəb çox səhv idarə olunması oldu ki, nəticədə istehsal sahələri azaldı, logistik zəncirlər qırıldı. Bunun nəticəsində də 2020-ci ilin sonlarından başlayaraq ərzaq bazarında müəyyən problemlər yaşandı və qiymət artımı sürətləndi. Pandemiya ilə mübarizə adı altında dünyada 17 trilyon dollara yaxın əlavə pul çap olunub. İqtisadiyyata pandemiyanın qarşısı alınsın deyə həmin məbləği buraxdılar. Amma nəticə etibarilə artan pul kütləsi dünya iqtisadiyyatında qiymətlərin yüksəlməsinə səbəb oldu. 2021-ci ildə də bu tendensiyanı gördük. 2022-ci ildə isə Rusiyanın Ukraynaya təcavüzü bu problemləri daha da artırdı. Çünki ərzaq məhsulları istehsalı bir çox amillərdən; gübrə, toxum, enerji daşıyıcıları və yanacaqdan asılıdır. Buna görə də dünyada bu sahədə qiymət artımı çox sürətlə getdi. Nəticədə dünyada ərzaq indeksinin artması tempi yüksəldi. Son 1 ildə ərzaq qiymətləri indeksi 40%-dən çox artıb”.

Natiq Cəfərli qeyd edir ki, Azərbaycanda da eyni tendensiya mövcuddur: “Çünki biz özümüz-özümüzü ərzaq məhsulları ilə çox az təmin edirik. Buğdada 25%, ümumi ərzaq zənbilinə baxdıqda isə meyvə-tərəvəzi çıxsaq yerdə qalanlarda da 20-25% özümüzü təmin edə bilirik. Bu çox aşağı göstəricilərdir. Xaricdən asılı olmağımız, xaricdən gətirilən məhsulların dominantlıq təşkil etməsi, hətta yerli istehsal adı altında bazara çıxarılan məhsulların xammalı, tərkibi də xaricdən gətirildiyi üçün ölkəmizdə də qiymət artımı sürətlə gedir. Məsələn çay məhsulları yerli istehsal adı altında bazarda çoxdur, amma onun tərkibi Banqladeşdən, Hindistandan gətirilən çaydır və burada qablaşdırılır. Süf məhsulları, qənd-şəkər məhsulları da buna aiddir. Hökumətin əlində bəlli alətlər də var. Biz bu təklifi bir aydan çoxdur ki, səsləndirmişik ki, hökumət əlavə dəyər vergisini ərzaqda və dərman preparatlarında azaltmalıdır. Dəyər vergisi 18%-dir, bu azaldılıb 2% olmalıdır. Bu da qiymət artımının qarşısını alan əsas ünsür olacaq. Nəticədə bu yolla Azərbaycanda əhalinin ən çox istifadə etdiyi ərzaq, dərman və digər məhsullarda müəyyən qiymət münasibliyi müşahidə oluna bilər”.

//Safura Bənnayeva, Editor.az