“Dünyada ikili standartlar və selektiv yanaşmalar davam etdikcə müharibələrin miqyası da genişlənəcək”- ŞƏRHbackend

“Dünyada ikili standartlar və selektiv yanaşmalar davam etdikcə müharibələrin miqyası da genişlənəcək”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla bağlı belə bir qətnamənin qəbul olunması ikili standartların və selektiv yanaşmanın göstəricisidir. Azərbaycan xristian mənşəli ölkə olsaydı, Qərbin baxışları da başqa cür formalaşardı. Qərb bir müsəlman ölkəsinin qalib gəlməsini və öz tapdalanmış hüquqlarını 30 ildən sonra döyüş meydanında bərpa etməsini həzm edə bilmir”.

Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov Editor.az-a BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri və müstəqil ekspertinin guya Azərbaycan tərəfindən “Laçın dəhlizinin” blokadada saxlandığı və “Dağlıq Qarabağ” bölgəsində “gərgin humanitar vəziyyət” yarandığı iddiası ilə bağlı qərəzli qətnamə qəbul etməsinə münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, bu təzyiqlərə baxmayaraq Azərbaycan müasir dünyada öz gücü ilə döyüş meydanında ərazilərini işğaldan azad edən çox nadir ölkələrdəndir:

“Halbuki, bütün Qərb və NATO birləşib Ukraynadakı müharibəni başa çatdıra bilmirlər. Azərbaycan isə Türkiyənin mənəvi dəstəyi ilə Ermənistanı və onun havadarlarını 44 gündə məğlub edərək müharibəni başa çatdırdı. Əslində dünyada ədalətə və beynəlxalq hüquqa hörmətlə yanaşılsaydı, BMT-də Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edənlər əksinə Azərbaycanı əlləri üstündə gəzdirməli idi. Bəli, bizə olan münasibət ikili standartların göstəricisidir. Məsələn, 2014-cü ildə Rusiya Donbasa və Luqanska humanitar yardım göndərmək istəyəndə BMT və Qərb Rusiyanı Ukraynanın daxili işlərinə qarışması və ərazi bütövlüyünə hörmət etməməsi ilə bağlı onu ittiham edirdi. Halbuki, bu ərazilərin milyonlarla əhalisi var idi. İndi Qarabağda yaşayan cəmi 25 min erməninin saxta humanitar problemi ilə BMT məşğul olur və humanitar yük adı altında Azərbaycanın suveren ərazisinə müdaxilə etmək istəyən Ermənistana haqq qazandırırlar. Necə olur ki, Ukrayna məsələsində bu baş tutmurdu, ancaq Azərbaycanla bağlı olanda Laçın yolu bloklandığını bildirməklə humanitar yardım adı altında ərazilərimizə qanunsuz keçidi tələb edirlər. Halbuki, Azərbaycan Qarabağdakı erməniləri öz sakinləri hesab edir və onların bütün problemlərini qarşılamağa hazır olduğunu bəyan edib. Bəli, dünyada ikili standartlar və selektiv yanaşmalar davam etdikcə müharibələrin miqyası da genişlənəcək və bu proses dünyanı məhvə aparacaq. Azərbaycan isə haqq yoldadır və heç kim iradəmizi sındıra bilməz. Qarabağda yaşayan ermənilər Azərbaycanda yaşamaq istəyirlərsə, qanunlarımıza tabe olmalı və separatçılıqdan əl çəkməlidirlər. Əks halda özlərinə yeni yaşayış yeri axtarsınlar”.

//Gülnarə Abasova, Editor.az