Dünyada inflyasiya GETDİKCƏ ARTIR: İl sonuna bizi NƏ GÖZLƏYİR?- İqtisadçı ekspertlər ŞƏRH EDİRbackend

Dünyada inflyasiya GETDİKCƏ ARTIR: İl sonuna bizi NƏ GÖZLƏYİR?- İqtisadçı ekspertlər ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya iqtisadiyyatında inflyasiya cızığından çıxıb, enerjidaşıyıcıların və ərzağın qiymətləri qalxıb və qalxmaqda davam edir, şirkətlərin borcları artır, əhali maliyyə sarıdan yüklənir, mal və məhsulların mənzil başına çatdırılması prosesləri getdikcə çətinləşir, istehsal və ticarət əlaqələri qırıla-qırıla gedir. Ekspertlərinn fikrincə, ilin sonuna doğru daha “qatı dumanlı” şərait gözlənilir. Odur ki, hazırda inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrdə ciddi narahatlıq hökm sürür.

İqtisadçı ekspert, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Editor.az-açıqlamasında bildirib ki, dünya iqtisadiyyatındakı mövcud böhran yalnız Rusiya-Ukrayna hərbi münaqişəsi ilə bağlı olmasa da bu məsələ də  böhrana təkan vermiş oldu:

” Dünyadakı böhrandan kənar Ukrayna-Rusiya hərbi münaqişəsini təhlil etmək də doğru deyil. Zənnimcə bu münaqişənin yaranmasında iqtisadi böhranın çox böyük rolu var. Belə ki, dünya iqtisadiyyatındakı qeyri-tarazlıqlar nəticəsində istehsal proseslərinin, nəqliyyat- logistik zəncirlərinin zəifləməsi prosesləri sürətləndi. Artıq keçən ildən biz inflyasiyanın da sürətlənməsinin şahidi olduq və aparıcı Mərkəzi Bankların pul kütləsinin  tənzimlənməsi ilə bağlı qəbul etdiyi qərarlar artıq effekt vermirdi. Ona görə də bu gün artıq dünya iqtisadiyyatında dərin struktur, qeyri- tarazlıqlar mövcuddur. Bütün bunlar uzun illər ərzində maliyyə sektorunun real sektordan faktiki olaraq ayrılması ilə  bağlı olan proseslərə görə iqtisadiyyatın müxtəlif istiqamətlərinin bir-biri ilə tarazlı əlaqələrinin itməsinə görə baş verdi. İndi isə dollara söykənən vahid qlobal sistem sürətlə çökməkdədir. Rusiya ilə Ukrayna arasında baş verən hərbi münaqişə də faktiki olaraq bazarların yenidən  bölünməsi ilə bağlı olan məsələlərlə xeyli əlaqəlidir. Ona görə də artıq iqtisadi problemlərin siyasi və hərbi müstəviyə keçməsinin şahidi oluruq”.

Ekspertin sözlərinə görə, Rusiyanın xarici iqtisadi siyasətindəki köklü dəyişikliklərin baş verməsi, Avropa ilə Rusiya arasında əlaqələrin xeyli məhdudlaşdırılması dünyada ərzaq böhranının dərinləşməsinə şərait yaradacaq:

“Yaxın aylarda inflyasiyanın dünya miqyasında kəskin şəkildə sürətlənməsinin şahidi olacağıq, eyni zamanda ərzaq böhranı dərinləşəcək. Məlumdur ki, Azərbaycanda idxaldan aslılıq yüksək səviyyədədir. Azərbaycan üçün  vəziyyət çıxış yolu olaraq regional iqtisadi inteqrasiya qonşu dövlətlərlə, o cümlədən Rusiya ilə iqtisadi münasibətlərin gücləndirilməsi, idxaldan aslılığın azaldılması üçün yerli istehsalın maksimum lokallaşdırılması siyasəti reallaşdırılmalıdır. Çünki əks halda xarici bazarlardakı qeyri-tarazlığın Azərbaycan bazarına da idxal olunması qaçılmaz görünür. Bu da bir çox sosial- iqtisadi problemlərə səbəb ola bilər”.

İqtisadçı ekspert Eldəniz Əmirov Editor.az- a açıqlamasında bildirib ki, dünyada  ərzaq böhranı problemi hər bir ölkənin həm də strateji  milli təhlükəsizlik məsələsidir:

” Buna görə də ərzaq təhlükəsizliyi ilə bağlı olan rəqəmlər dəqiqliyi ilə göstərilmir. Hər bir ölkənin öz ərzaq ehtiyatı olduğu kimi, Azərbaycanda Dövlət Taxıl Fondu var. Ərzaq təhlükəsizliyinin təmin olunmasında buğdanın xüsusi çəkisi çox yuxarıdır. Buna görə də həm buğda idxalında, həm də ərzaq təhlükəsizliyində rol oynayan digər qida məhsullarında maksimum daha yaxşı göstəricilərə nail olmaq qarşıya məqsəd kimi qoyulub. Hesab edirəm ki, bu məqsədə də kifayət qədər nail olunub. Müharibənin başlaması ilə Ukraynada taxıl ixracının tamamilə dayanması, Rusiyaya məhdudiyyətlər tətbiq edilməsi, Türkiyənin duru yağlara, Qazaxıstanın buğdaya ixracına məhdudiyyətlərin tətbiq edilməsi öncə buğda və şəkərə, daha sonra digər qida məhsullarına təsir etdi”.

İqtisadçı ekspertin sözlərinə görə, Azərbaycan hökuməti müharibə başlamamışdan öncə, 2021-ci ilin sonundan ilkin olaraq antiinflyasiya tədbirlərini həyata keçirtməyə başlayıb:

” Müharibədən əvvəl də ərzaq təhlükəsizliyi məsələsi gündəmdə idi. Çünki dünya üzrə iqlim şəraitinin dəyişməsi səbəbindən qlobal səviyyədə buğda istehsal həcmləri azalıb. Azərbaycan tərəfi də məhz bu məsələyə sistemli yanaşaraq koordinasiyalı şəkildə ərzaq təhlükəsizliyi ilə bağlı ciddi addımlar atmağa başladı. Beləliklə, süni qiymət artıma qarşı ölkənin 68 şəhər və rayonunda sistemli monitorinqlər  aparıldı, ərzaq təhlükəsizliyində rol oynayacaq  məhsulların idxalını maksimum dərəcədə artırmaqla ərzaq ehtiyatları formalaşdırıldı, ixraca nəzarət gücləndirildi. Bütün bu tədbirlərdə əsas məqsəd ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması məsələsinin sistemli şəkildə həyata keçirilməsidir. Dünyada buğda qiymətinin qalxdığı bir şəraitdə Azərbaycanda çörəyin qiymətinin qalxmaması üçün subsidiya mexanizmi müəyyən güzəştlər həyata keçirir. Hesab edirəm ki, Azərbaycanın ərzaq qıtlığı ilə bağlı problemi olmayacaq. Ancaq nəzərə alsaq ki, ölkəmizdə istehsal səviyyəsi kifayət qədər deyil, idxaldan ciddi aslılıq var, belə ki qiymət artımı, inflyasiyadan qaçmaq mümkün deyil.    Bəzi ölkələrdə ixraca qoyulmuş qadağa ilə əlaqədar idxalın  da bu zərurətdən daha  uzaq coğrafiyalarda həyata keçirilməsi logistik xərclərin artmasına, maye dəyərinin qalxmasına və qiymət artımına gətirib çıxaracaq”.

//Gülnarə Abasova, Editor.az