Ukrayna Prezidenti Volodimir Zelenski bu həftə İsrailə gedəcək. O, İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşəcək. Səfərin dəqiq tarixi və gündəliyi açıqlanmayıb.
Liderlərin HƏMAS-la İsrail arasında davam edən müharibəni müzakirə edəcəkləri gözlənilir. İndiki həssas məqamda V. Zelenskinin İsrailə səfəri diqqət çəkir.Əvvəl də dediyimiz kimi, hazırda dünyada çox ciddi geosiyasi kataklizmlər gedir. Ayrı- ayrı regionlarda baş verən toqquşmalar və vaxtı ilə dondurulmuş münaqişə ocaqlarının yenidən qızışdırılması belə düşünməyə əsas verir.
Hazırda dünyada proksi müharibə gedir. Böyük dövlətlər mümkün qədər “səhnə arxasında” qalmağa çalışaraq təsir göstərə bildikləri oyunçulardan istifadə edir və öz maraqlarının təmin olunmasına çalışır. Sözsüz ki, Yaxın Şərqdə baş verənlər əslində dünyada baş verən geosiyasi proseslərin bir hissəsidir. Yəni Yaxın Şərqdəki durumu qlobal xaosdan kənar düşünmək olmaz. Ayrı-ayrı bölgələrdə baş verənlər, şübhəsiz ki, bir-biri ilə sıx bağlı proseslərdir.
Dünyada münaqişələr artdıqca qütbləşmə də güclənir. “Dirijor”lar artıq “rənglərini göstərməyə başlayırlar”.
Bu gün dünyada çox ciddi şahmat oyunu gedir. Müxtəlif dövlətlər öz rəqiblərinin fərqli regionlarda düşdüyü situasiyadan istifadə etməyə çalışırlar. Baş verən geosiyasi proseslər bunun aydın təzahürüdür. Planetdəki qütbləşmə sürətlə davam edir. Belə bir vəziyyətdə dünya dövlətləri öz tərəflərini seçməli olurlar. Yəni əslində indi dünyada ayrı-ayrı dövlətlər arasında yox, iki böyük qütb arasında mübarizə gedir.
Zelenskinin İsrailə səfəri yuxarıda qeyd etdiyimiz tezislərin ən bariz göstəricisidir. Ukrayna bununla Yaxın Şərq məsələsində ABŞ-ın yanında olduğunu göstərəcək. Eyni zamanda rəsmi Kiyev Yaxın Şərq məsələsində də Moskva ilə qarşı-qarşıya olduğunu nümayiş etdirəcək.
Beləliklə, Rusiya ilə Ukrayna arasındakı gərginlik təkcə torpaq məsələsi olmayacaq. Bu, həm də ideoloji mübarizənin komponentinə çevriləcək. ABŞ-ın istədiyi də məhz budur. Bir müddət sonra qütbləşmə prosesi başa çatacaq. Bu da üçüncü dünya müharibəsinin faktiki olaraq elan olunması ilə nəticələnəcək.
//Kənan Novruzov, Editor.az

