“Başda ABŞ olmaqla Qərbin Rusiya ilə gərginləşən münasibətləri əslində keçən əsrin səksəninci illərində SSRİ-nin dağılması və sosialist sisteminin çökməsi ilə başlayan qlobal proseslərin davamıdır. Qeyd etdiyimiz zamanlarda Qərb liderlər ruslara, NATO-nun şərqə doğru genişlənməyəcəyi ilə bağlı vəd veriblər. Bunu RF-nın prezidenti V.Putin deyir. Eyni zamanda, Ukrayna və Gürcüstanın NATO-ya üzvlük məsələsi gündəmə gələndə Putin bunu Rusiyaya vaxtilə verilən sözlərin tutulmaması və Qərb tərəfindən aldadıldıqları kimi qiymətləndirdi”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
Politoloqun sözlərinə görə, Rusiya prezidenti demək olar ki, hər çıxışında NATO-nun şərqə doğru genişlənməsinə imkan verilməyəcəyini və buna cəhd ediləcəyi təqdirdə sərt cavablandırılacaqlarını bildirir:
” Qərbin və NATO-nun hərbi-siyasi rəhbərləri də öz növbələrində NATO-nun genişlənməsi məsələsində israrlarından vaz keçənə oxşamırlar. Belə bir gərgin atmosferdə diplomatik kanalların və siyasi müzakirələrin ciddi bir nəticə verəcəyi inandırıcı görünmür. Rusiya Qərbdən təhlükəsizlik qarantiyası ilə bağlı hüquqi öhdəlik tələb edir. Lakin Qərbin belə bir öhdəlik verməsi mümkün deyil. Çünki bu öhdəlik veriləcəyi təqdirdə Ukrayna tamamilə müdafiəsiz qoyulur ki, bu da Rusiyanın bölgədəki hərbi aktivliyinin daha da artmasına və hətta Ukraynanın işğalına gətirib çıxara bilər. İki gün öncə BMT-nin TŞ-na üzv beş dövlətin ehtimal bir müharibədə nüvə silahından istifadə edilməməsi ilə bağlı razılaşma da Ukrayna uğrunda bir hərbi toqquşmanın olacağını nəinki azaltmır, tam əksinə daha da artırır”.
F.Məhərrəmli qeyd edib ki, tərəflərin aqressivliyi və güzəştə getmək istəyinin olmaması səbəbindən müharibə riski getdikcə daha da artır:
“Amma ən qorxulusu odur ki, bu hərbi toqquşma baş verəcəyi halda bu dünyanın bir sıra qaynar nöqtələrində hərbi hərəkətlənmələrə rəvac verəcək.Belə ki, NATO-Rusiya toqquşması İsrail-iran, Çin-Tayvan və digər ölkələr arasında onsuz da gərgin olan münasibətləri açıq hərbi müstəviyə keçirə bilər ki, bu da dünyamız üçün bir fəlakət ssenarisidir”.
//Gülnarə Abasova, Editor.az

