Dünyanın diqqəti İSTANBUL GÖRÜŞÜNDƏ: Nələr baş verəcək?backend

Dünyanın diqqəti İSTANBUL GÖRÜŞÜNDƏ: Nələr baş verəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vladimir Putinin Volodimir Zelenski ilə danışıqları İstanbulda davam etdirmək niyyəti və bununla bağlı Rəcəb Tayyib Ərdoğandan danışıqlara ev sahibliyi etməsini istəməsi mühüm bir hadisədir. Bu, birincisi Türkiyənin beynəlxalq nüfuzunun göstəricisidir. Digər tərəfdən Türkiyə Rusiya Ukrayna Savaşı başlayandan Ukraynanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməklə bərabər, Rusiyaya qarşı sanksiyalara qoşulmadı və hər iki tərəflə normal münasibət saxlamağa davam etdi”.

Bunu Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq bildirib ki, bu səbəbdən üç il öncə mart ayında iki dəfə Rusiya və Ukrayna nümayəndə heyətlərini bir araya gətirməklə atəşkəsin və sülhün əldə olunması üçün kifayət qədər ciddi addımların atılmasına nail oldu:

“Sadəcə olaraq o zaman müəyyən şərtlər və qərb dövlətlərinin təzyiqi ilə Ukrayna bu prosesi davam etdirmədi və ondan sonra savaş davam etdi, ölkənin daha geniş əraziləri işğal altına düşdü. Putin niyə İstanbulu seçdi? Həm Türkiyənin neytral mövqeyi, həm də 3 il öncə orada danışıqların aparılması Rusiya prezidentini bu qərarı verməyə sövq etdi. Əslində İstanbulda əgər mayın 15-i görüş olacaqsa, bunun liderlər səviyyəsində olacağını düşünmürəm. Çünki Rusiya tərəfinin mövqeyi ondan ibarətdir ki, Rusiya nümayəndə heyəti İstanbula səfər edəcək. Baxmayaraq ki, Zelenski ayın 15-i tarixində İstanbulda Putini gözləyəcəyini bəyan edib. Rusiya tərəfi hələ ki, Vladimir Putinin bu görüşdə iştirak edəcəyi ilə bağlı hər hansı açıqlama verməyib. Digər tərəfdən Putinin görüşdə iştirak etmək ehtimalı ona görə aşağıdır ki, adətən liderlərin görüşünün keçirilməsi üçün nümayəndə heyətləri bir çox məsələləri razılaşdırırlar, sonra liderlər prosesə qoşulur, yekun qərar verilərək imzalar atılır”.

O. Qasımovun sözlərinə görə, İstanbulda gözlənilən görüşdə müəyyən nəticələr əldə oluna bilər:

“Ancaq hesab etmirəm ki, görüşdə ciddi razılaşmalar əldə olunsun. Ona görə ki, Rusiya və Ukrayna tərəfinin proses və gedişatla bağlı mövqeləri tamamilə fərqlidir. Belə ki, Ukrayna ilk öncə atəşkəs elan olunmasını, daha sonra ardınca danışıqlar aparılmasını tələb edir. Rusiyanın mövqeyi isə ondan ibarətdir ki, əvvəlcə danışıqlar başlansın, yekunda atəşkəs razılaşması əldə olunsun. Bu prinsipial bir məqamdır. Ona görə də İstanbul görüşü ilə bağlı gözləntilər çox olsa da, prinsipial və hər tərəfi qane edəcək razılaşmanın əldə olunma ehtimalı yüksək deyil. Donald Tramp da bu prosesdə maraqlıdır. Hətta dünən Tramp açıqlamasında qeyd edib ki, o, İstanbula səfər edə bilər. Yəni, Putin və Zelenski İstanbula gələrsə, Tramp da Yaxın və Orta Şərq səfəri çərçivəsində o görüşə qatıla bilər. Əlbəttə, belə bir toplantı baş tutsa, tarixdə böyük bir hadisə kimi yadda qalacaq”.

//Gülnarə Abasova, Editor.az