İtaliya materiki Siciliya ilə birləşdirən dünyanın ən uzun asma körpüsünü tikməyi planlaşdırır.
Editor.az bu barədə Associated Press-ə istinadla xəbər verir.
İnfrastruktur layihəsi 13,5 milyard avroya başa gələcək. Körpünün tikintisi ilə bağlı qərar onun ölçüləri, zəlzələ riski, ətraf mühitə təsiri və mafiyanın iştirakının mümkünlüyü ilə bağlı fikir ayrılıqları səbəbindən uzun müddət ləngiyir.
İtaliyanın nəqliyyat naziri və baş nazirin müavini Matteo Salvini bəyan edib ki, Messina boğazından keçən körpü Qərbdə ən böyük infrastruktur layihəsi olacaq.
Hesablama Məhkəməsinin təsdiqindən sonra hazırlıq işlərinə sentyabrın sonu və ya oktyabrın əvvəlində başlanacağı gözlənilir. Tikintiyə 2026-cı ildə başlanacağı gözlənilir.
Salvini bəyan edib ki, bürokratik gecikmələrə baxmayaraq, körpünün 2032-2033-cü illərdə tamamlanması planlaşdırılır.
//Gülnarə Abasova, Editor.az

