Dünyanın ən yaşlı insanı Kane Tanaka 119 yaşında vəfat edib.
Editor.az xarici mətbuata istinadən bildirir ki, son günlərinə qədər sağlam olan Tanaka uzun ömrün sirrinin ailə, yuxu, ümid və iman olduğunu bildirib. Hər gün səhər saat 6-da duran Tanaka günortalar riyaziyyat və xəttatlıqla məşğul olub. O, həmçinin yaşadığı qocalar evinin sakinlərini və işçilərinə “Othello” stolüstü oyununda daim qalib gəlməkdə məşhur idi. Ginnesin Rekordlar Kitabına görə, Tanaka 1903-cü il yanvarın 2-də Fukuokada bir ailənin yeddinci övladı olaraq vaxtından əvvəl anadan olub.
Elə həmin il Rayt Qardaşları ilk təyyarəni icad etdilər və Mari Küri Nobel mükafatını alan ilk qadın kimi tarixə düşdü.100 il əvvəl 1922-ci ildə, 19 yaşında Hideo Tanaka ilə evləndi və birlikdə düyü, yapon əriştəsi və şirniyyat satmaqla məşğul oldular. Tanakanın bu evlilikdən dörd övladı var idi və daha sonra beşincisini övladlığa götürdü.
Dünyanın ən yaşlı insanlarının yaşadığı Yaponiyada əhalinin 28 faizini 65 və daha yuxarı yaşda olanlar təşkil edir. 119 yaşı olan Tanaka bu ayın əvvəlində amerikalı Sara Knaussu geridə qoyaraq tarixin ən yaşlı ikinci insanı kimi də Ginnesin Rekordlar Kitabına düşüb. Tarixdə indiyə qədər yaşamış ən yaşlı insan 1997-ci ildə vəfat edən 122 yaşlı fransız Jeanne Louise Calment olub. Tanakanın ölümündən sonra isə 118 yaşlı fransız rahibəsi Lucile Randon hazırda dünyanın ən yaşlı insanıdır. Randon həm də dünyada COVID-19-a yoluxan və sağ qalan ən yaşlı insan kimi tanınır.
//Gülnarə Abasova, Editor.az


