İrlandiya pasportu sahibləri 2025-ci ildə yaşamaq, ziyarət etmək və işləmək üçün ən geniş qlobal səyahət seçimlərinə malikdirlər.
Bu məlumatlar Nomad Capitalist konsaltinq şirkəti tərəfindən tərtib edilən illik “Nomad Pasport” İndeksində təqdim olunub. Reytinqdə dünyanın 199 ölkəsinin pasportları beş meyar üzrə təhlil edilir: səyahətin asanlığı, vergi siyasəti, qlobal qavrayış, ikili vətəndaşlıq əldə etmək imkanı və şəxsi azadlıqlar.
İrlandiya “yaxşı beynəlxalq reputasiyası, biznes üçün əlverişli vergi siyasəti və vətəndaşlıq məsələlərində ümumi çevikliyi” sayəsində ilk dəfə bir nömrəyə yüksəlib.
Reytinqdə ilk 5-liyə İrlandiyanın son illərdə liderlik uğrunda mübarizə apardığı İsveçrə, həmçinin Yunanıstan, Portuqaliya və Malta daxil olub. İlk 10-luğa 9 Avropa ölkəsi və 2023-cü ildə lider olan BƏƏ (10-cu yer) daxildir. Lakin “son vaxtlar tətbiq edilən vergilər ölkənin qlobal sahibkarlar üçün cəlbediciliyini azaldıb”.
“Nomad Capitalist”ə görə, “ən zəif pasportlar” Pakistan, İraq, Eritreya, Yəmən və Əfqanıstanın pasportlarıdır.
//Samir Qurbanov, Editor.az