Dünyanın öhdəsindən gələ bilmədiyi problemlərdən biri… – Yaxınlarımızı necə qoruya bilərik?backend

Dünyanın öhdəsindən gələ bilmədiyi problemlərdən biri… – Yaxınlarımızı necə qoruya bilərik?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün dünyanın hələ də öhdəsindən gələ bilmədiyi problemlərdən biri də intihardır. İnsan niyə yaşamaq istəmir, yaxud niyə yaşaya bilmədiyi üçün özünə qəsd yolunu seçir? Bu suallar bəşər tarixinin əvvəlindən insanlığı düşündürür.

Editor.az bildirir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayevanın sözlərinə görə, tədqiqatlar göstərir ki, özünəqəsd biri digəri ilə əlaqədə olan sosial mühit və fərdi psixoloji problemlərin təsiri ilə əlaqəlidir:

“Yəni biri digərini körükləyir. Bəzi tədqiqatlar isə psixi cəhətdən sağlam olmayan şəxslərin daha çox intihar yolunu seçdiyini göstərir. Səbəb nə olursa olsun, görünən odur ki, şəxs intihar yolunu özü seçir. İntihara cəhdin qarşısı alına bilərmi, ölümü seçən insanı yenidən həyata qaytarmaq olarmı? Öncə intiharla bağlı bəzi rəqəmlərə, faktlara diqqət yetirək”.

T.Paşayeva vurğulayıb ki, araşdırmalara görə dünyada hər 40 saniyədən bir intihar hadisəsi baş verir: “Faciəli ölüm sayına görə kişilər ilk sırada gəlir. İntihara cəhd halları isə qadınlarda daha yüksəkdir. Risk qrupuna daha çox yeniyetmələr və yaşlılar daxildir. İntihar edənlərin 90-95-faizini psixi cəhətdən sağlam olmayan şəxslər təşkil edir. Yəni depressiya, bipolyar pozuntu, şizofreniya, şəxsiyyət pozuntusu kimi ruhi rahatsızlıqları olanlar, həmçinin narkotik vasitə və alkoqol asılılığından əziyyət çəkənlər üzdəniraq bir “sevgiylə” ölümün ağuşuna atılırlar.

Payız və qış aylarında intihar hallarının nisbətən artığı müşahidə olunur. Psixologiyada payız, qış depressiyaları terminləri də öz əksini tapır. Depressiv vəziyyətlərin də intihara aparması diqqətə alınmalıdır.

İnsan niyə özünə qəsd edir, niyə yaşamaq əvəzinə ölümü seçir, buna səbəb nədir? Səbəblər çoxdur və fərqlidir. Çarəsizlik və ümidsizliyə qapılan bəzi insanlar intihar yolunu seçir. İnsan çətinliyə düşür, özünə qapanır, ətrafdan yardım gözləmir, problemi özü həll etmək istəyir, yaxud yaxın çevrəsi yardım əli uzatmır və həmin şəxs ümidsizliyə qapılır. Artıq o uçurumun kənarındadır, geriyə yollar bağlanıb. Onun üçün bircə yol qalır: həyatdan, yaşamaqdan xilas olmaq!

İnsanın yaxındakı faciəni dərk etməsi, həyata tutunması, yaşamına davam edə bilməsi, yanlış addım atmaması üçünsə, mütləq şəkildə ailəsinin, doğmalarının, yaxın çevrəsinin yanında olması, anlayış göstərib düşdüyü durumdan xilas etməsi gərəkdi. İntihara cəhd edənin hərəkətlərində mütləq şəkildə fərqliliklər hiss olunur. Bunlara diqqət yetirilərsə, zamanında o insana dəstək verilərsə, faciənin qarşısı alınar”.

T.Paşayeva qeyd edib ki, sağalmayan, uzun sürən, davamlı ağrı verən xəstəliklər intihara səbəb ola bilər:

“Heç bir maddi çətinlk çəkməyən, daim övladlarının diqqəti, qayğısı ilə əhatə olunan xəstə qadın uzun sürən xəstəlikdən bezir, uşaqlarının ona çəkdiyi əziyyətə dözmür və canına qəsd edir.

İslamda özünəqəsd günah sayılır. Elə bu səbəbdən İslami qaydaların doğru-düzgün elmi təbliği də maariflənmə baxımından faydalı olardı.

Səbəblərdən biri də psixi xəstəliklər, narkotik və alkaqol aludəçiliyidir. Burada irsi xəstəliklər, genetik faktorlar da nəzərə alınmalıdır. Əgər psixi sağlamlığında problem olan şəxsin nəslində intihar edən olubsa, bu mütləq nəzərə alınmalı və həmin şəxsə ailə və yaxın çevrə tərəfindən həssaslıqla yanaşılmalı, o, daim diqqət altında olmalıdır.