“Əslində üç il əvvəl Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə başlayan və müxtəlif dövlətlərində bu və ya digər formada müdaxil olduğu “dünyanın yenidən bölüşdürülməsi” savaşı bütün şiddəti ilə davam edir və daha da şiddətlənəcəyi proqnozlaşdırılır”.
Bunu Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
Politoloq bildirib ki, Ukraynada davam edən Rusiya-Qərb savaşı coğrafi məna kəsb edirsə, Yaxın Şərqdə 7 oktyabrda başlayan sürəc dini mahiyyət daşıyır ki, bu tip savaşlar daha uzun, daha qanlı olur:
“Yaxın Şərq regionunda baş verən savaşların ana səbəbi, yaxud bəhanəsi uzun illərdir İranın məhzəbçilik ideologiyasını bütün Yaxın Şərqə yaymaq, təriqətçilik üzərindən siyasi və iqtisadi hədəflərə çatmaq niyyətini güdməsi dayanır.Bu faktor da ABŞ və onun Yaxın Şərqdəki əsas müttəfiqinə İslam coğrafiyasında istədiyi əməliyyatı keçirmək üçün intəhasız əsaslar verir.
İranın “şiə hilalı” qurmaq cəhdi Suriya və Livanda iflasa uğrdıqdan sonra Yəməndə formalaşdırdığı, silahlandırdığı Husilər üzərindən niyyətini gerçəkləşdirməyə çalışır. Lakin bu niyyət də ABŞ və İsrail tərəfindən sərt bir şəkildə cəzalandırılır. Lakin Yaxın Şərqdəki qarışıqlığın içində görünən aktorlarla yanaşı, işin başından hadisələrin içində olan amma görünməyən güclər də var.
Belə bir dini-milli- ideoloji qarışıq coğrafiyada status-kvonu qorumağın mümkün olmayacağı aşkardır.Əslində tərəflər buna can atmırlar da. Görünən odur ki, Yaxın Şərq siyasi-coğrafi anlamda yenidən şəkillənəcək. Lakin bunun asan olmayacağı və uzun, qanlı bir sürəc olacağı da gözdən qaçırılmamalıdır”.
//Gülnarə Abasova, Editor.az