Durmadan artan İNTİHARLAR: İnsanları ölümə göndərən SƏBƏBLƏR nələrdir?backend

Durmadan artan İNTİHARLAR: İnsanları ölümə göndərən SƏBƏBLƏR nələrdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar dünyada və ölkəmizdə intihar hallarının artmasının şahidi oluruq.

Bəs bu bəlanın qarşısını necə almaq olar?

İntiharın qarşısını almaq üçün ilk öncə fərdin özü , daha sonra ailə və cəmiyyət səy göstərməlidir. Çünki, intihar fərdlərə, ailələrə və icmalara uzunmüddətli təsir göstərən ictimai sağlamlıq problemidir. Elə buna görə də intiharın qarşısının alınması məsələsi cəmiyyətin ən başlıca məqsədlərindən biridir. Buraya fərdlər, ailələr və icmalar üçün profilaktika və qoruyucu strategiyalar daxildir.

Araşdırmalar göstərir ki, Azərbaycanda əsasən sağalmaz xəstəliyi olan, o cümlədən ruhi xəstələr , ailə üzvlərinin vəfatından depressiya keçirən, narkomaniyaya düçar olmuş, ali məktəblərə qəbul ola bilməyən şəxslər intihar yolunu seçir. Habelə, bəzi hallarda məcburi evləndirmə , çətin həyat şəraitində yaşayan şəxslər, internet asılılığı səbəbindən özünə qəsd faktorları da qeydə alınıb. 2019-cu ilin statistik göstəricilərinə əsasən yalnız 10 % şəxs maddi durumunun aşağı olması səbəbindən intihar edib. 2021-ci ilin statistikasına nəzər yetirərkən 612 intihar faktının qeydə alınmasının şahidi oluruq. İntiharın baş vermə səbəblərini araşdırdıqda aydın olur ki, insanların psixi sağlamlığının pozulması və psixoloji gərginlik vəziyyətində olması onların intihara əl atmasına səbəb olur. İnsanların psixi sağlamlığına irsiyyət, yəni genetik kodlar, ekoloji durum , siyasi vəziyyət, həyat tərzi, adət və vərdişlər, insanların özlərindən asılı olmadan düşdükləri ekstremal durum təsir göstərir. Psixi sağlamlığın qorunması çox böyük həyati əhəmiyyət kəsb edir. Çünki, psixi sağlamlıq insanın həyatı , habelə işgüzar fəaliyyətinin məhsuldarlığını artıran , həmçinin insanın daxili bacarıqlarının gerçəkləşməsinə birbaşa yardım edən , həyatda, fəaliyyətimizdə gündəlik qarşılaşdığımız problemlərin həlli prosesində yaşadığımız streslərdən, həyəcandan neytrallığı tənzimləyən, xüsusilə də mənəvi rahatlığımızı ödəyən vəziyyət başa düşülür. Psixi sağlamlıq insanın həm özünə, həm də cəmiyyətdəki, onun çevrəsindəki insanlara , ümumi cəhətdən yanaşsaq həyat fəaliyyəti dövründə fərqli hadisələrə , istər sosial, istərsə də iqtisadi çətinliklərə qarşı münasibətində tədqiq olunur. İntiharın qarşısının alınması üçün cəmiyyətdə maarifləndirmə və profilaktik tədbirlərin görülməsi zəruridir.

Hər il universitetlərə qəbul imtahanlarından müvəffəqiyyət əldə edə bilməyən abituriyentlərin intihar etməsi ilə bağlı xəbərlər eşidirik. Bunun səbəbi valideynlərin uğur əldə edə bilməyən övladlarını, onların etimadlarını, övladına olan gözləntilərini doğrultmadıqları üçün sərt şəkildə tənqid etməsidir. Bu zaman abituriyent həm imtahan prosesinin ağırlığı, stress, həyəcan, həm də valideynlərinin tənəsi səbəbindən böyük psixoloji travma yaşayır və intihar edir. Ancaq valideynlər övladlarını itirməmək üçün onların həssas psixikasını zədələməməli və bu imtahanların son imtahan olmadığını , təkrar imtahanlara hazırlaşaraq növbəti illərdə də uğur qazanmağın mümkünlüyünü qəbul etməlidir. Valideynlər övladlarını yalnız sağlam olduqda, və ya uğur qazandıqda deyil, uğursuzluğu ilə, yaxud sağlamlıq imkanları məhdud olduqda da sevməlidirlər, onlara daim diqqət və qayğı göstərməli , problemləri ilə yaxından maraqlanmalıdırlar.

XXI əsrdə, müasir dövrdə yaşamağımıza baxmayaraq hələ də övladının təhsil almasına biganə yanaşan, hətta sərt qadağalar qoyan , övladlarını təhsil almaq hüququndan məhrum edən, onların uşaqlıq illərini əllərindən alan , azyaşlı övladlarını ağır şərtlər altında işləməyə, hətta yetkinlik yaşına çatmayan qızlarını zorla ailə qurmağa məcbur edən valideynlər də var. Bu şərtlər altında yaşayan uşaqlar yaşıdlarını təhsil alan, valideynləri tərəfindən sevilən gördükdə böyük psixoloji travmalarla üz-üzə qalırlar. Belə uşaqların bir qismi intihar edir, digər qismi isə uşaqlıq travmaları ilə yaşadıqları üçün cəmiyyətdə şəxsiyyət kimi yetişə bilmir, bu səbəbdən deviant davranış nümayiş etdirərək zərərli vərdiş alüdəçilərinə çevrilir və cinayət hadisələri törədirlər. Təbii ki, intihar hallarının artmasında media da təsirsiz ötüşmür. Elə bu səbəbdən də Qərbi Avropa ölkələrində intihar hadisələrinin media işıqlandırılmasına müəyyən qadağalar qoyulur. Belə məhdudiyyətlər intihar hadisələri zamanı intihar edənin şəklinin , intihar anının əks olunduğu görüntülərin yayılmasının qadağan olunmasını nümunə gətirə bilərik. Əksinə media intihar edən şəxslərə hansı səbəbdən intihar etməsindən asılı olmayaraq haqq qazandırmamalı , habelə intihar edən şəxslərə qarşı güclü ictimai qınağın yaradılmasına səy göstərməlidir.

//Ağazadə Ülya , Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kurs tələbəsi