Xalqın sağlamlığının qorunmasını ən ümdə vəzifəsi hesab edən prezident İlham Əliyevin atdığı addımlar, qəbul etdiyi mühüm qərarlar pozitiv durumu şərtləndirən amillərdir.
Pandemiya ilə mübarizə dövründə Mehriban xanım Əliyeva da öz missiyasına, amalına sadiqliyini bir daha nümayiş etdirdi. Ölkənin birinci xanımı iki dəfə xalqa müraciət edərək hər kəsi “gözəgörünməz düşmən”lə mübarizədə birlik, həmrəylik nümayiş etdirməyə çağırdı. Birinci vitse-prezidentin “Evdə qal, sağlam qal!” şüarlı təşəbbüsü böyük dəstək qazandı.
Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu ölkədə elan edilən karantin müddətində “Biz birlikdə güclüyük” şüarı ilə xeyriyyə aksiyaları keçirdi. Bu aksiyalar çərçivəsində 200 mindən çox ailəyə ərzaq məhsullarından ibarət sovqatların paylanılması da bir daha fondun missiyasını nümayiş etdirmiş oldu.
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları ilə icra edilən ölkəmizdəki antipandemiya fəaliyyəti öz miqyasını daha da genişləndirir. Bu günlərdə yeni modul tipli xəstəxanalar açılaraq xəstəliklə mübarizə aparan peşəkar tibb personalının istifadəsinə verilib. Hazırda ölkəmizdə Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron və Qobustan rayonlarında ona yaxın modul tipli xəstəxana fəaliyyətə başlayıb.
Müsbət hal ondan ibarətdir ki, xəstəliyin dinamikasından aslı olmayaraq vəziyyət nəzarətdə saxlanmaqdadır. Nəzarət deyəndə biz təkcə əhalinin yoluxma statistikasını deyil, həmçinin sağalanların da statistikasını nəzərə almalıyıq. Qeyd etmək lazımdır ki, əhalisinin sayı ölkəmizlə müqayisə edilə bilən səviyyədə olan, həmçinin səhiyyə sistemi nümunəvi hesab edilən Qərb ölkələrində belə yoluxan insanların sayı 60-70 mindən az deyil. Burada ölümlərin sayı da yüksəkdir. Lakin ölkəmizdə pandemiyanın ən pik vəziyyətində belə yoluxma dinamikası sağalan xəstə dinamikasını çox az sayla üstələyir, ölüm faizi isə qeyd edilən ölkələrlə müqayisədə çox aşağıdır.
Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayanması pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək yönümündə genişmiqyaslı tədbirlərlə bir daha təsdiqini tapır. Dövlətin indiki çətin dövrdə də öz vətəndaşının yanında olduğunun bariz nümunəsi olan bu tədbirlər ilk növbədə dövlət və özəl sektorda muzdla çalışan 1 milyon 640 minədək işçinin iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunmasına imkan verdi. Sosial ödənişlərin davamlılığı təmin edilməklə, əsasən həssas qruplara daxil olan 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edildi. 600 minədək aztəminatlı işsiz şəxsi əhatə edən birdəfəlik ödəmə proqramına, məşğulluq imkanlarının artırılması üçün 90 minədək şəxsin ödənişli ictimai işlərə cəlb olunmasına imkan yarandı. Özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailə kiçik təsərrüfatlarını qurmağa başladı. 82 min ailənin 340 minədək üzvü ünvanlı dövlət sosial yardımı ilə, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi, 100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə təminatı işləri aparılır. Pandemiya ərzində həyata keçirilən sosial yardən layihələrindən biri də aztəminatlı ailələrə mənsub olan tələbələrə yardımdır. Ümumilikdə 176.000 tələbədən 113 min nəfəri ödənişli əsaslarla oxuyur. 15209 nəfər aztəminatlı ailələr olan tələbələrə ümumilikdə 13 milyon manat dövlət yardım edib.
Prezident İlham Əliyev bir müddət öncə yerli jurnalistlərə verdiyi müsahibəsində pandemiyadan qorunmaq üçün ən lazımlı işin insanların özlərini qoruması olduğunu bildirdi. Bura qoruyucu vasitələrdən istifadə, gigiyena və fiziki məsafənin maksimum çox saxlanması daxildir. Ölkəmizdə xüsusi karantin rejiminin tətbiq edilməsi xəstəliklə mübarizədə olduqca effektivdir. Söz yox ki, bu məsələlər bəzən insanların etirazlarına səbəb olur, sosial şəbəkələrdə hətta karantin rejiminin ləğv edilməsi təşəbbüslərinə rast gəlinir. Amma düşünürəm ki, ən çoxu 15 gün ərzində karantin qaydalarına tamamilə riayət etsək, ölkəmizi bu bəladan qurtara, hətta pandemiyanın ikinci dalğasından da sığortalana bilərik. Bu çətin olsa belə, bizdən vətəndaş məsuliyyəti tələb edir.
Azərbaycan qlobal səviyyədə bu mübarizəyə 5 milyon ABŞ dolları vəsait ayırıb. ÜST-ün baş direktoru Azərbaycanın pandemiyaya qarşı mübarizəyə verdiyi qlobal töhfəni yüksək qiymətləndirib. Bu gün COVİD-19 pandemiyası ilə üz-üzəyik. Koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə prezident cənab İlham Əliyev aprel ayında “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması nəzərdə tutulmuşdur. Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlərə, virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər üçün böyük məbləğdə vəsaitin ayrılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi bu məsələyə necə ciddi yanaşıldığını təsdiq edir. Azərbaycan dövləti hər bir vətəndaşının iqtisadi problemlərinin həlli uğrunda var gücü ilə səy göstərir. Görülən tədbirlər ölkəmizdəki xalq-iqtidar tərəflərinin gücünü bir daha nümayiş etdirdi.
İnanırıq ki, görülən sistemli tədbirlərin, insanlarımızın məsələyə təmkinli və rasional münasibətinin nəticəsində tezliklə bu bəladan tamamilə qurtula və normal həyatımıza dönə biləcəyik. “Biz birlikdə güclüyük” şüarı Azərbaycan dövlətini hər zaman güclü və mətin edir, bu da xalqla hakimiyyətin birliyidir. Azərbaycan xalqı dövlətin suverenliyi və vətəndaşın rifahı üçün atılan bütün addımlarda prezident İlham Əliyevin yanında olduğunu sübut edir. Bu da həqiqətdir ki, xalqla hakimiyyətin birliyi bütün dövlər üçün dövlətin təhlükəsizliyinin əsas sütunudur.
Aqşin Bağırov,
YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin sədri

