“Mütəxəssislərin də qeyd etdiyi kimi cari ilin iyul-avqust aylarında havanın temperaturunun ötən illərlə müqayisədə yüksək olması səbəbindən əhalinin nisbətən sərin olan bölgələrə səfərlərinin sayı xüsusilə həftəsonları nəzərəçarpacaq dərəcədə artıb, bu isə öz növbəsində avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyini və paralel olaraq qəza ehtimalının yüksəlməsini şərtləndirib”.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, son günlər baş verən ağır yol nəqliyyat hadisələrinin təhlili bir daha deməyə əsas verir ki, bu ehtimalı reallığa çevirən əsas amil vaxtaşırı xəbərdarlıq edilməsinə, mütəmadi olaraq DYP qurumları tərəfindən yollarda baş verə biləcək qəzaların qarşısının alınması üçün nəzarət-profilaktik tədbirlərin keçirilməsinə baxmayaraq, hələ də özünün və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalan, verilən tövsiyələrə, yaşanmış acı təcrübəyə əhəmiyyət verməyən məsuliyyətsiz sürücülərdir.

