Əbu-Dabi dialoqu: “Əliyev–Paşinyan təkbətək görüşü Cənubi Qafqazda sülh gündəliyini yenidən canlandırır”backend

Əbu-Dabi dialoqu: “Əliyev–Paşinyan təkbətək görüşü Cənubi Qafqazda sülh gündəliyini yenidən canlandırır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında vasitəçisiz beş saatlıq təkbətək görüş baş tutdu. İllərdir həllini tapmayan bir sıra məsələlərin müzakirə olunduğu bu görüş Qafqaz üçün strateji əhəmiyyət kəsb edir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, görüşdən sonra tərəflər “ikitərəfli danışıqları və etimadı möhkəmləndirən tədbirləri davam etdirmək” barədə razılığa gəlsələr də, gözlənilən irəliləyişlər hələlik elan edilmədi:

“Bununla belə, prosesin özü artıq regionda yeni münasibətlərin formalaşdığını göstərir. Liderlərin son görüşü 2025-ci ilin mayında, Avropa Siyasi Birliyi sammiti çərçivəsində Tiranada baş tutmuşdu; hər görüş mərhələli irəliləyiş prinsipini təsdiqləyir — əsrlərlə davam edən münaqişə bir-iki danışıqlə yekunlaşa bilməz.

Əbu-Dabidə aparılan müzakirələrdə sülh gündəliyinin əsas istiqamətləri — sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin paraflanması və əlaqəli texniki məsələlər — detallı şəkildə nəzərdən keçirildi. Danışıqların həm işçi qrupları, həm də yüksək səviyyələrdə davam etdirilməsi ilə bağlı ümumi razılıq əldə olundu.

Ermənistan–Azərbaycan tranzit bağlantılarının açılması sülh prosesinin həlledici məqamı kimi qiymətləndirildi. Xüsusən də “Zəngəzur dəhlizi” — Azərbaycanın materik ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək quru yol — gündəliyin mərkəzində idi. Dəhlizin açılması dörd ildir İrəvanın qeyri-konstruktiv mövqeyi ucbatından ləngiyir; buna baxmayaraq, liderlər onun regional sabitlik və əməkdaşlıq üçün əsas olduğunu bir daha vurğuladılar”.

Millət vəkili Zəngəzur dəhlizinin Azərbaycan üçün strateji əhəmiyyət daşıdığı məqamlara da toxunub:

“Naxçıvanla birbaşa quru əlaqə yaradır, mövcud İran marşrutunun maliyyə və siyasi risklərini aradan qaldırır;

Azərbaycanı Orta Dəhliz üzərindən Türkiyə, Mərkəzi Asiya və Avropa bazarlarına bağlayır;

Regionun enerji və nəqliyyat xəritəsini yenidən formalaşdıraraq iqtisadi inteqrasiyanı sürətləndirir”.

M. Cəfərov sonda qeyd edib ki, sülh sazişinin yekunlaşdırılması Cənubi Qafqazda onilliklərdir davam edən gərginliyi azaltmaqla yanaşı, beynəlxalq enerji və logistika axınlarına yeni nəfəs verəcək: “Əgər tərəflər Əbu-Dabidə razılaşdırılan “etimad tədbirləri”ni ardıcıl və şəffaf şəkildə icra edə bilsələr, Qafqaz regionu tamamilə yeni bir əməkdaşlıq mərhələsinə qədəm qoya bilər”.

//Gülnarə Abasova, Editor.az