“Əbu-dabidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş müsbət dəyərləndirildi. Məlum məsələdir ki, kənar təzyiqlərin və rəqabətin mövcudluğu fonunda prosesin danışıqlar mərhələsində tutulması, eksalasiyasının yaxın buraxılmamasının özü belə uğurdur. Əbu-dabi görüşü nəticəsində həm də onun vacibliyi üzərində dayanıldı ki, təmaslar davamlı tutulsun. İndi də Ağ evdə görüşün keçiriləcəyi ətrafında fikirlərin dolaşması davamlılığa paralel olaraq həm də ondan xəbər verir ki, reallaşdırılmasının tezləşdirilməsində hər bir tərəfin maraqlı olduğu layihələr yubatmanı sevmir”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, Əbu-dabi görüşü öncəsi də heç bir tərəfdən sona qədər rəsmi açıqlama verilməməsinə diqqət edildi, amma baş tutdu:
“Görünür, diplomatik kanallar arxa fonda güclü, eyni zamanda ehmalca iş aparır. Rusiya, Çin, Hindistan da digər cinahda ABŞ-ın hədyan fikirlərinə fikir vermədən stabil qaydada iş aparırlar.
Niyyətin və niyyət sənədinin heç bir hüquqi məsuliyyəti mövcud deyil, amma özü də müsbət bir məqamdır. Ermənistanın baş nazirinin ofisinin görüşü nə təsdiq, nə də inkar etməsi isə seçki qabağı ehtiyatlı davranmaq zərurəti ilə bağlıdır. Çünki Ermənistanda müxalif qüvvələr belə bəyan edirlər ki, Ağ evdə imzalanan istənilən sənədlə xalq gözünü yenidən kapitulyasiyaya imza atılmış səhərə açacaq. Seçki oyunu güclənib”.
“Donald Trampa da uğur hekayəsi, bizə isə bundan yararlanaraq əməli iş lazımdır. Hər hansı təmas, müzakirə müsbətdir, amma bu da uzun gedə bilməz. Cənab Prezident İlham Əliyev hələ müharibə zamanı çıxışlarında bildirmişdi ki, nə qədər mənasız görüş olar. Bu baxımdan iki şərtimiz bəllidir. Konstitusiya dəyişikliyi və ATƏT-in Minsk Qrupuna birgə rəsmi müraciət. İkincidən başlamaq lazımdır. Burada isə Fransanın fikrini müsbətə kökləmək zəruri belə olmasa da, neytrallaşdırmaq lazımdır ki, üçlük arasında məqamlar çözülsün və nəticəyə hasil oluna bilsin”,- Ş. Həsənova qeyd edib.
//Gülnarə Abasova, Editor.az

