Effektiv sosial siyasətin məntiqi nəticələri- Son 5 ildə nələr dəyişib?- İqtisadçı-ekspertlə MÜSAHİBƏbackend

Effektiv sosial siyasətin məntiqi nəticələri– Son 5 ildə nələr dəyişib?- İqtisadçı-ekspertlə MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az iqtisadçı-ekspert Aslan Əzimzadə ilə müsahibəsini təqdim edir:

– Aslan bəy,  son illər ərzində Azərbaycanda aparılan sosial siyasəti uğurlu hesab edirsinizmi?

– Son 5 il ərzində ölkəmizdə sosial müdafiə sistemində idarəetmə strukturunun mütərəqqi formada təkmilləşdirilməsi və  şəffaflaşdırılma işlərinin aparılması, birmənalı olaraq öz effektiv nəticələrini verməkdədir. Sözügedən istiqamətdə produktiv fəaliyyətin göstərilməsi ilk növbədə Azərbaycan Respublikasının dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin artmasını səciyyələndirən başlıca amil kimi çıxış etməkdədir. Belə ki, 2023-cü il üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin 4 415 877 674,0 manat olacağı proqnozlaşdırılır ki, bu da 2022-ci il ilə müqayisədə 1.2 dəfə daha çoxdur. Məhz bu kimi göstəricilər üzrə son illər ərzində əldə olunan müsbət nəticələr fikrimcə ölkədə ardıcıl şəkildə sosial paketlərin qəbul edilməsi üçün şərait formalaşdırmışdır. Dünya iqtisadiyyatında mövcud olan struktur böhranın, turbulentlik meyllərinin yaratdığı fəsadlara qarşı dayanıqlı sosial immun sisteminin formalaşması çərçivəsində ölkəmizdə 2023-cü ildə Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş sosial paket 5 il ərzində sayca 4-cü olmaqla yanaşı geniş spektrli və çoxşaxəlidir. Bu paket əhalinin müxtəlif təbəqələrinə xitab etməklə bütövlükdə 1.900.000 insanı əhatə etməkdədir. Bu paket tətbiq edildikdən sonra minimum əmək haqqı 15 faiz, minimum pensiya isə 16.7 faiz artmışdır. Son 5 ilə nəzər salsaq minimum əmək haqqı 2.7 dəfə, minimum pensiya isə 2.5 dəfə artmışdır ki, bu da uzun illər dünya iqtisadiyyatında yaranmış staqnasiya və hal-hazırda formalaşmış depressiya fonunda düşünürəm ki, yüksək göstəricilərdir. Eyni zamanda qeyd etmək lazımdır ki, 2022-ci ildə xalis minimum əmək haqqının xalis orta əməkhaqqına nisbəti 41.1 faiz olmuşdur ki, bu da 2018-ci ildən 14.6 faiz daha çoxdur.

– Qəbul edilən sosial paketlərin və bu konteksdə görülən sosial işlərin vətəndaşlarımızın yaşayış səviyyəsinə nə kimi təsirləri olub?

-Düşünürəm ki, qəbul edilən 4-cü sosial paket çərçivəsində bu göstəricinin 2023-cü il üçün də yüksək templə artacaqdır. Bütövlükdə son 5 ildə qəbul edilmiş 4 sosial paketi analiz etdiyimiz zaman olduqca önəmli rəqəmlər ortaya çıxmaqdadır. Belə ki, son 5 il ərzində 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçıları üçün Prezidentin aylıq təqaüdü 2.7 dəfə, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicəsi üçün birdəfəlik müavinət isə 26.6 faiz artmışdır. Eyni zamanda sözügedən sosial paketlər mədəniyyət və təhsil sahəsində çalışaraq yüksək xidmətlər göstərmiş şəxslərin də sosial vəziyyətinə müsbət təsir göstərmişdir. Belə ki, son 5 ildə “xalq” fəxri adına görə verilən təqaüdün həcmi 33.3 faiz, “əməkdar” fəxri adına görə verilən təqaüdün həcmi 50 faiz, pensiyaçı elmlər doktoru və pensiyaçı fəlsəfə doktoru üçün prezident təqaüdünun həcmi 2.5 dəfə artmışdır. Digər tərəfdən 5 il ərzində qəbul edilən sosial paketlər kontekstində yaşa görə müavinətlar 3 dəfə, əlilliyi olan şəxslərin müavinatları 3 dəfədən çox, ailə başçısını itirməyə görə müavinətlər 76.5 faiz, uşağın anadan olmasına görə və dəfn üçün birdəfəlik müavinətlər müvafiq olaraq 4.6 və 3.4 dəfə artmışdır. Qəbul edilən sayca 4-cü sosial paket təhsil alanların da sosial rifahına müəyyən müsbət təsirlərini göstərmişdir. Belə ki, elmlər doktoru hazırlığı üzrə təqaüdlərin məbləği 400 manata, fəlsəfə doktoru hazırlığı üzrə təqaüdlərin məbləği 240 manata, ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manata kimi artmışdır. Təbii ki, bununla paralel olaraq ali təhsil müəssisələrində və AMEA-da təhsil alan tələbələrin də təqaüdlərində ümumi ortalama müvəffəqiyyət göstəricilərinə uyğun olaraq ciddi şəkildə artımlar müşahidə olunmuşdur. Bütövlükdə son paket 150.000 doktorant və tələbələni əhatə etmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, bu sosial paketlər ölkə rəhbərliyinin daima diqqət mərkəzində olan şəhid ailələrinin, müharibə ilə əlaqədar əlliliyi olan şəxslərin sosial rifahına da müəyyən təsirini göstərmişdir. Belə ki, 2018-ci il ilə müqayisədə müharibə ilə həmçinin 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezident təqaüdü orqanizmin funksiyaların pozulması dərəcəsinə uyğun olaraq 2.5-2.7 dəfə, şəhid ailəsi üçün Prezident təqaüdü 2.5 dəfə artmışdır. Bütün bu faktorlar həqiqətən qəbul edilən sosial paketlərin genişspektrli və çoxşaxəli olduğunu deməyə bizə imkan verir.

– Aslan bəy,  bu istiqamətdə postmüharibə dövründə görülən işlərlə bağlı nələrə toxuna bilərsiniz?

Bütövlükdə post-müharibə dövründə 122.000 şəxsə 269.000 xidmət göstərilmişdir. Bu xidmətləri tədqiq etdiyimiz zaman ölkədə post-müharibə dönəmində sosial siyasət üzrə dayanıqlı fəaliyyətin əsas vektorları ortaya çıxmaqdadır. Belə ki, post-müharibə dövrü ərzində şəhid ailəsi üzvləri və müharibə iştirakçılarından ibarət 102 min nəfərə 114 min aylıq sosial ödəniş təyin edilmiş, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara, digər həssas qruplara yönələn sosial ödənişlər hər ilin əvvəlindən artırılmışdır. Digər tərəfdən post-müharibə dövründə mənzil proqramı 5 dəfə genişləndirilərək 4500 mənzil verilmiş, 11 min nəfərə 38.2 min sosial-psixoloji dəstək və reablitasiya xidmətləri göstərilmiş, 400 hərbçi 417 son nəsil protezlə, 1813 müharibə əlili 31913 reablitasiya vasitəsilə təmin edilmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, bu dövr ərzində 16.9 min şəxs aktiv məşğulluq tədbirlərinə, 9.6 min şəxs özünüməşğulluq proqramına cəlb edilmiş, Vahid Əlaqələndirilmə Mərkəzlərində isə 75.3 min şəxsə xidmət göstərilmişdir. Bütün bu faktorlar məhz ölkəmizdə aparılan mütərrəqqi sosial siyasət nəticəsində əhalinin sosial rifahının dayanıqlı inkişafını səciyyələndirən başlıca faktorlardandır. Əhalinin sosial müdafiəsi sahəsi müstəvisində kompleks şəkildə analiz etdiyimiz dayanıqlı yüksələn tendensiyalar ölkədə sosial rifahın inkişaf etdirilməsi istiqamətində aparılan siyasətinin effektivliyini və bu istiqamətdə idarəetmənin təkmilləşməsini şərtləndirməkdədir.

//Gülnarə Abasova, Editor.az