Efirdə dəyişiklik: Bir çox şou proqramlar artıq yoxdur – Nə baş verir?backend

Efirdə dəyişiklik: Bir çox şou proqramlar artıq yoxdur – Nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlərdə televiziya məkanında aparılan islahatlar və məzmun keyfiyyətinə yönələn tələblərin artması bir sıra verilişlərin efirdən çıxarılması ilə nəticələnib. Bu addımlar cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da, ümumi yanaşma televiziya məkanının daha sağlam, maarifləndirici və milli dəyərlərə uyğun formalaşdırılmasına xidmət edir. Mövcud dəyişikliklər həm tamaşaçı zövqünün qorunması, həm də efir etikası və məsuliyyət məsələlərinin daha ciddi nəzarətdə saxlanılması baxımından diqqət çəkir.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Editor.az-a bildirib ki, bəzi televiziya verilişlərinin efirdən çıxarılması məsələsi cəmiyyət üçün önəmli və narahatlıq doğuran mövzudur:

“Televiziyaya baxdıqda çox vaxt şou xarakterli, əsasən əyləncə məqsədli verilişləri görürük. Təəssüf ki, bəzi hallarda bu verilişlər əxlaq normalarından da kənara çıxır. Yayım Şurası zaman-zaman bu verilişləri və kanalları cərimələmişdi, lakin bu, problemin həlli üçün kifayət deyildi.

Mən hesab edirəm ki, televiziyada daha çox intellektual və inkişaf yönümlü proqramlara üstünlük verilməlidir. Belə verilişlər uşaqların və gənclərin inkişafına, vətənpərvər ruhda tərbiyəsinə töhfə verir. Gələcəyimiz, yəni uşaqlarımız və gənclərimiz üçün bu, çox vacibdir. Əgər onlar düzgün olmayan məzmunla “zəhərlənirsə”, bu onların gələcəkdə formalaşmasına mənfi təsir göstərə bilər və bəzi hallarda sosial narahatlıqlara və kriminal hallara yol aça bilər.

Cəmiyyətin bu mövzularda narahatlığı haqlıdır və verilişlərin təsirini ciddi araşdırmaq vacibdir. Hər birimizin izlədiyi proqramlar gənclərin davranışında müəyyən rol oynayır və buna diqqət yetirilməlidir”.

Deputat qeyd edib ki, televiziya kanalları strateji baxımdan ciddi dəyişikliklər etməlidirlər:

“Kanallar daha çox gənc nəsilin, uşaqların və gələcək nəslin yetişməsinə yönəlmiş proqramlar hazırlamalıdır. Baxımlılıq məsələsi ilkin mərhələdə çətin görünə bilər, lakin zamanla bu proqramlara maraq artırıla bilər. İctimai TV-də belə nümunələr var. Məsələn, məktəblilər üçün hazırlanan “Əlaçı” verilişi, həmçinin intellektual əyləncə formatında olan “Milyonçu” şousu bunu sübut edir. Bu tip verilişlər həm maarifləndirir, həm də izləyicidə televiziya marağı yaradır. Mən hesab edirəm ki, bu cür proqramlara daha çox önəm verilməlidir”.

//Gülnarə Abasova, Editor.az