Əfqanıstan “Taliban” hökuməti Pakistanda 10-dan çox insanın ölümü ilə nəticələnən bombalı hücumu pisləyib və İslamabada başsağlığı verib.
Editor.az xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kahar Bəlxi “X” sosial media platformasında paylaşım edib.
“Əfqanıstan İslam Əmirliyinin Xarici İşlər Nazirliyi Pakistanın paytaxtı İslamabadda baş verən partlayışı və Vana şəhərindəki təhsil mərkəzinə hücumu qəti şəkildə pisləyir və Pakistan xalqına dərin hüznlə başsağlığı verir”, – Bəlxi qeyd edib.
Pakistanın daxili işlər naziri Möhsin Nəqvinin sözlərinə görə, İslamabadda regional məhkəmə binası qarşısında törədilən terror aktı nəticəsində azı 12 nəfər həyatını itirib, 27 nəfər isə yaralanıb.
Rəsmi İslamabad hücumun arxasında Əfqanıstanda fəaliyyət göstərdiyi iddia edilən “Təhrik-e-Taliban Pakistan” (TTP) təşkilatının dayandığını bildirib.
Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif isə bəyan edib ki, TTP üzvləri Əfqanıstan ərazisində qaldığı müddətdə Kabil administrasiyası ilə hər hansı dialoqun mümkünlüyündən danışmaq çətindir.
Bununla belə, Kabil daha əvvəl TTP-nin Əfqanıstanda mövcudluğu ilə bağlı iddiaları rədd edib və bu məsələni Pakistanın daxili işi adlandırıb.
// Gülnarə Abasova, Editor.az

