Cihadçı bir ideologiyaya sahib olduqları üçün bənzər olsalar da Taliban, İŞİD və Əl -Qaidənin üsul və məqsədləri olduqca fərqlidir. Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsi ümumilikdə bütün dünyada cihadçıları sevindirdi. Yəməndə və bir çox ölkələrdə atəşfəşanlıq başladı. Somalidə cihadçılar taliblərin qələbəsini qeyd etmək üçün şirniyyat payladılar. Asiyanın cənub bölgələrindəki İslam qrupları Qərb ölkələrinin Əfqanıstandan çıxmasını qeyd etdilər. İndi Yaxın Şərq və Mərkəzi Asiyada yeni bir cihad dövrünün başlamasından narahat olan mütəxəssislər var. Ən böyük təhlükə Əl-Qaidə və İŞİD-ə bağlı qruplardan gəldi. Bunlar son illərdə zəifləsə də, hələ də fəaliyyət göstərir.
ABŞ ilə razılaşma nəticəsində, Taliban Qərbdəki hədəflərə hücum etmək niyyətində olan ekstremist qruplara sığınacaq verməyəcəklərinə söz versə də, ancaq hələ də Əl-Qaidə ilə əlaqələri var. Mütəxəssislər, Əl-Qaidənin rəqibi İŞİD-in ortaya çıxmaq üçün təzyiqlərə məruz qalacağını düşünürlər. İŞİD-in Xorasan qolu kimi tanınan və İŞİD-H olaraq adlandırılan qrup, vaxt itirmədən 26 avqustda Kabul Hava Limanı xaricində qanlı hücumlar həyata keçirib. 13 ABŞ əsgəri də daxil olmaqla, 170 nəfər öldürülüb.

Nyu -Yorkdakı Soufan Mərkəzinin tədqiqatçısı və təhlükəsizlik mütəxəssisi Colin Clarke bildirib ki, Taliban Əfqanıstanda ən nüfuzlu qüvvədir. Əl-Qaidə çoxmillətli bir cihadçı qrupdur və köhnə şəbəkələrini bərpa etməyi hədəfləyir. İŞİD də belədir amma İŞİD öz düşməni Əl-Qaidə və Taliban ilə çətin döyüşə hazır olmalıdır.
Talibanın maraqları Əfqanıstana yönəlib, lakin Əl-Qaidə və İŞİD-in qlobal ambisiyaları var. Taliban sonuncu dəfə 1990 -cı illərdə şəriət qanunlarını tətbiq edib. Bu, qadınlar üçün sərt qaydalar və cəzalar, ictimai edamlar, şallaq və amputasiya demək idi. Tarixin təkrarlanacağından qorxan əfqanlar ölkəni tərk etmək üçün sərhədlərə və hava limanına axın etdilər. Vaşinqtonun Georgetown Universitetində terror və Yaxın Şərq eksperti Daniel Bymanın sözlərinə görə, Əl-Qaidə və İŞİD-in təlimləri daha radikaldır. BBC -yə danışan Byman, Talibanın Əfqanıstanda keçmişi canlandırmaq istəsə də, digər ölkələri dəyişdirmək məqsədində olmadığını söylədi.

Byman Əl-Qaidə və İŞİD-in qlobal məqsədləri olduğunu bildirib və xilafət qurmaq niyyətlərini müqayisə edib:
“İŞİD bu gün xilafət qurmaq istəyir. Əl Qaidə isə hələ tez olduğunu düşünür. Cihadçıların və müsəlman icmalarının hələ hazır olmadığını söyləyirlər. Onların prioriteti xilafət deyil”.
Mənbə: BBC
//Gülnarə Abasova, Editor.az

